Kosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədə olmuşdur. Günəş diski ləkəsizdir. Koronoqraf görüntülərində Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac kütlə atılması) müşahidə olunmamışdır.
Qazeta.info Şamaxı Astrofizika Rəsədxanasının məlumatına əsasən bildirir ki,2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində normal səviyyədə olmuşdur. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalmışdır.
Hesabat dövründə Günəş küləyi parametrlərində sakit rejimə uyğun zəifləmə müşahidə olunmuşdur. Günəş küləyinin sürəti 325 km/san olmuşdur. Ümumi maqnit sahəsi hesabat dövründə 3-5 nT intervalında qiymət almışdır. Bz komponenti üçün isə zəif kənaraçıxmaya məruz qalmışdır. Phi bucağı 19 iyun/07.15 UTC-də müsbət sektordan mənfi sektora keçmişdir.
Geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakit olsa da, fasilələrdə kiçik həyəcanlaşmalar qeydə alınmışdır (Kp=1, 2).
Kosmik hava proqnozu – Proqnoz dövründə (20 - 22 iyun) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.
2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə (20 - 22 iyun) Günəş küləyi sürəti artdığından yüksələcəyi proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (20 - 22 iyun) fon səviyyələrində davam etməsi gözlənilir.
Proqnoz dövründə (20 - 22 iyun) Günəş küləyi parametrləri üçün normal şərait davam edəcək.
Proqnoz dövründə (20 - 22 iyun) geomaqnit sahədə ümumi sakitlik proqnozlaşdırılır (Kp=1,2). Maqnit qasırğasının yaranması ehtimalı 1%-dən aşağı qiymətləndirilir.