Koreya yarımadasında müharibə təhlükəsi: Seul raketləri Pxenyana tuşladı
08.01.2016 534 0.0 0


Koreya yarımadasında vəziyyət gərginləşib. APA TV-nin Rusiya saytlarına istinadən xəbərinə görə, Cənubi Koreya hökuməti Şimal qonşusu ilə sərhəddə səsgücləndiricilər vasitəsilə yayımı bərpa edərək, həmin avadanlığın ətrafında artilleriya qurğuları və tank əleyhinə raketlər yerləşdirib. Eyni zamanda 38-ci paralel boyunca yerləşən hərbi hissələrin döyüş hazırlığı da maksimal həddə çatdırılıb.

Rəsmi Seul bu addımları Şimali Koreyanın nüvə sınağı həyata keçirməsindən dərhal sonra atıb. Cənubi Koreyada bunu Şimali Koreya ilə hələlik, psixoloji müharibənin başlanğıcı kimi dəyərləndirirlər. Belə ki, 38-ci paralel boyunca yerləşdirilən və Pxenyan istiqamətinə yönəldilən səsgücləndiricilər vasitəsilə Cənubi Koreya hökuməti bu ölkənin əleyhinə apardığı əks-təbliğatı bərpa edib. Ötən ilin avqust ayında hər iki tərəfin bu yayımın dayandırılması barədə razılıq əldə etməyə nail olmasından sonra Şimali Koreya analoji addımların növbəti dəfə təkrarlanacağı təqdirdə, bunun genişmiqyaslı hərbi münaqişənin başlanması kimi dəyərləndiriləcəyini bildirib. Pxenyan tərəfindən termonüvə bombasının sınaqdan keçirilməsindən sonra Seuldan verilən açıqlamada Şimali Koreya ilə daha öncə əldə olunan bütün razılaşmaların öz qüvvəsini itirdiyi qeyd olunub.

Cənubi Koreya hökumətindən də məsələyə münasibət bildirilib. "Bu cür nüvə sınaqları ilə Şimali Koreya nəinki, verdiyi vəd və BMT Təhlükəsizlik Şurasının qətnaməsi də daxil olmaqla, beynəlxalq ictimaiyyət qarşısındakı öhdəliklərinə əməl etməyib, eyni zamanda 25 avqustda imzalanan razılaşmaların tələblərini də pozub", - deyə qeyd olunub.

O zaman tərəflər son anda növbəti dəfə Koreya yarımadasında ötən əsrdən bəri de-yure davam etməkdə olan müharibənin texniki vəziyyətindən praktik vəziyyətə keçməsinin qarşısını almağa nail ola bilib. Daha öncə Şimali Koreya rəhbərliyi sərhəddə apardığı təbliğatı dayandırmaq üçün cənuba 48 saat vaxt verib. Bundan əvvəl isə sərhədin demilitarizasiya edilmiş ərazisində tərəflər bir-birini artilleriya silahlarından atəşə tutub.

Avqustun 25-də aparılan danışıqlar nəticəsində qarşılıqlı anlaşmanın əldə olunması barışıq yolunda atılan mühüm addım kimi dəyərləndirilib. Lakin, indi Seul küçələrində yenidən Şimali Koreya bayraqları ayaqlar altına atılır, Kim Çen Inın şəkillərinə od vurulur və bu ölkənin cəzalandırılması tələb edilir.
 
Cənubi Koreyanın müdafiə naziri Xan Min Qu da iki ölkə arasında yaranmış gərginliyə münasibət açıqlayıb. "Birləşmiş Ştatlar və dünya ictimaiyyəti ilə tərəfdaşlıq çərçivəsində Şimali Koreyanın nüvə sınağına görə cavab verməsi üçün bütün mümkün tədbirlər görüləcək. Qoşunlarımız yenidən psixoloji müharibənin başlanmasına tam hazır vəziyyətdədir", - deyə o bildirib.

Şimali Koreya tərəfindən hələlik bu məsələyə reaksiya verilməyib. Təbliğat xarakterli yayımın bərpa edilməsi Şimali Koreya liderinin doğum gününə təsadüf edib. Qeyd edək ki, hakimiyyətin monarxiya üsulu ilə ötürüldüyü bu ölkədə Kim Çen Inın atası və babasının doğum tarixləri milli bayram kimi qeyd olunur.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar