Koliform bakteriyalar (koliformlar və ya bağırsaq çöpü qrupu bakteriyaları - BÇQB) – Enterobacteriacea ailəsinə mənsub olan, polimorf, hərəkətli və ya hərəkətsiz, qrammənfi, sporəmələgətirməyən, çöpşəkilli və fakültətiv anaerob mikroorqanizmlərdir. Bu bakteriyalar bioloji mühitin mikrobioloji qiymətləndirilməsində fekal kontaminasiyanın sanitar indikatoru kimi tanınır.
Koliform bakteriyalara heyvanların və insanların bağırsaq florasında, eyni zamanda torpaqda, suda, heyvan və bitki mənşəli qida məhsullarının tərkibində rast gəlinir. Fekal axıntıları ilə suya sirayət edən bu bakteriyalar artıb çoxalaraq suyun mikrobioloji çirklənməsinə səbəb olur. Təsadüfi deyil ki, içməli suyun mikrobioloji çirklənməsinin qiymətləndirilməsi prosesində koliformların müayinə edilməsi xüsusi əhəmiyyət kəsb edir.
Koliform bakteriyalar qrupuna adətən bağırsaq çöpləri (Escherichia coli), sitrobakteriyalar (Citrobacter), enterobakteriyalar (Enterobacter), klebsiellalar (Klebsiella) və hafniyalar (Hafnia) daxil edilir. Müayinə olunan nümunədə eşerexiyaların aşkar edilməsi fekal ilə çirklənmənin yeni, enterobakteriya və ya sitrobakteriyaların aşkar edilməsi isə çirklənmənin daha əvvəl (2-3 həftə öncə) baş verməsinin göstəricisidir.
Escherichia coli (E.coli və ya bağırsaq çöpü) ştamlarının əksəriyyəti apatogen olub, heyvan və insanların həzm traktında kommensal (saprofit) həyat tərzi keçirməklə bağırsaqlarda K və B qrupu vitaminlərinin sintezində, eləcə də patogen mikroorqanizmlərin inkişafının qarşısının alınmasında fəal iştirak edir. Hətta E.coli Nissle serotipinə mənsub olan bakteriyalar təbabətdə probiotik kimi (mutaflor) mədə-bağırsaq pozuntularının aradan qaldırılmasında istifadə edilir. Qeyd edək ki, apatogen eşerexiyalar sahib orqanizmin immun sistemi zəiflədiyi halda patogen xüsusiyyət əldə etməklə xəstəlik törədir. Laboratoriya şəraitində yetişdirilməsi çətin olmadığından E.coli model mikroorqanizm olaraq genetik və mikrobioloji tədqiqat işlərinin aparılmasında, həmçinin müasir biotexnologiyada (insulin, fermentlər, vaksinlər, yanacaq istehsalı və s.) geniş istifadə edilən bakteriya növüdür. Həmçinin bağırsaq çöplərinin təhlükəli patogen serotipləri də mövcuddur ki, (0157:H7, 0104:H14, 0104:H21 və s.) onlar tərəfindən ifraz olunan toksinlər (məsələn, şiqatoksin) insanlarda qida zəhərlənməsinə səbəb olur. Nəzərə almaq lazımdır ki, bağırsaq çöplərinin patogen və apatogen ştamları morfoloji və kultural xüsusiyyətinə görə fərqlənmədiyindən onların diferensiasiyası da çətindir.
Antigen və biokimyəvi strukturuna görə patogen eşerexiyaların əsasən enteropatogen, enterotoksigen, enteroinvaziv, enterohemorragik və enteroadgeziv qrupları ayırd edilir. Bu ştamlarla yoluxma orqanizmdə kəskin bağırsaq pozuntusu və zəhərlənmələrlə müşayiət olunsa da, infeksiya qana sirayət etdiyi halda bakteremiyalara səbəb olur. Termotolerant xüsusiyyətinə görə E.coli 45-49° C-də artıb çoxalsa da, onun üçün optimal temperatur 37° C-dir. Bu bakteriyalar pasterizasiya nəticəsində 60-75° C temperaturun təsirindən 10-15 dəq müddətində tələf olur. Mühitin fekal çirklənmə indikatoru kimi koliformlar arasında eşerexiyaların rolu böyükdür. Spesifik xüsusiyyətə malik olan bu bakteriyalar əsasında fekal çirklənmə mənbəyinin müəyyən edilməsi (insan, heyvan, quş və s.) mümkündür. Qeyd edək ki, eşerexiyalar mutasiyaya meyilli olduğundan mutagen faktorların təsiri və genlərin horizontal ötürülməsi ilə mutant ştamlar yaranır.
Sitobakteriyalar hərəkətli olmaqla suda, torpaqda və qida məhsullarında məskunlaşır. Bu bakteriyalar şərti patogen olmaqla bir sıra infeksiyaların baş verməsinə səbəb olur. Sitobakter cinsinə mənsub bakteriyaların əksəriyyətinin antibiotiklərə qarşı davamlı olması onların antibiotikorezistentliklə bağlı risk səviyyəsini artırır.
Enterobakteriyalar hərəkətli olmaqla daha çox məməlilərin bağırsağında, həmçinin suda və torpaqda məskunlaşır. Bu bakteriyalar bir çox hallarda qida toksikoinfeksiyalarının törədicisi hesab olunur. Enterobakteriyaların səbəb olduğu xəstəliklərə immun sistemi zəif olan insanlar arasında daha çox rast gəlinir.
Klebsiellaların hərəkətsiz olması və kapsula əmələ gətirmə xüsusiyyəti onları ətraf mühitin mənfi təsirindən qoruyur. Bağırsaqlarla yanaşı, bu bakteriyalara heyvan və insanların dərisində, selikli qişalarda, eləcə də suda, torpaqda və bitkilərdə (meyvə və tərəvəzlərdə) rast gəlinir. İnsanlar arasında bağırsaq və respirator infeksiyalara, konyunktivit və mastitlərə səbəb olur. Bu bakteriyalar tərəfindən sintez olunan enterotoksin termostabil olduğundan təhlükəli hesab edilir.
Hafniyalar insanların, quşların və arıların orqanizmində, həmçinin torpaq və suda məskunlaşır. Vakuum qablaşdırmaları şəklində olan soyudulmuş ət, süd və balıq məhsullarının tərkibində bu bakteriyaların bəzi növlərinə rast gəlinir. Quşlar arasında bağırsaq iltihabı (enterit, diareya və s.) və septisemiya ilə xarakterizə olunan infeksiyalara səbəb olur. Bu bakteriyalar insanlarda qastroenteritlərin, tənəffüs və sidik-tənasül sistemi infeksiyalarının törədicisi kimi tanınır.
Beləliklə, nəzərə almaq lazımdır ki, koliformlar ümumilikdə qida məhsullarının mikrobioloji çirklənmə göstəricisidir. Qida zəncirinin müxtəlif mərhələlərində sanitar-gigiyenik qaydaların pozulması heyvan mənşəli qida məhsullarının (ət və ət məhsulları, süd və süd məhsulları, balıq və balıq məhsulları və s.) koliform bakteriyalarla sirayətlənməsinə səbəb olur. Odur ki, patogen koliformların səbəb olduğu infeksiyalardan qorunmaq üçün sanitar-gigiyenik qaydalar gözlənilməklə yalnız qida təhlükəsizliyi tələbləri çərçivəsində istehsal və emal edilən, eləcə də müvafiq termiki təsirə məruz qalan heyvan mənşəli qida məhsulları istehlak edilməlidir./AQTA/