“Rusiya Dövlət Dumasının keçmiş deputatı Denis Voronenkovun qətli Ukrayna vətəndaşı, 1988-ci il təvəllüdlü Parşov Pavel Aleksandroviç tərəfindən törədilib. O, Sevastopolda doğulub, Rusiya xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunub”.
Məlumata görə, bu sözləri Ukrayna daxili işlər nazirinin müşaviri, Ali Radanın üzvü Anton Geraşşenko özünün “Facebook” səhifəsində yazıb. A. Geraşşenko bildirib ki, P. Parşov həyatı boyunca rəsmi şəkildə Ukraynadan kənara çıxmayıb: “Lakin 2015-ci ilin fevralında o, Belarusla sərhəddəki nəzarət-buraxılış məntəqələrindən biri vasitəsilə Ukrayna sərhədini piyada keçib. Sonra Rusiyaya gedərək hələ Stalin NKVD-si dövründə yaradılmış diversantlar üçün məktəbdə xüsusi təlim kursu keçib. Onun qarşısında tapşırıq qoyulub ki, Ukrayna ordusu və ya Milli Qvardiyasının sıralarına qoşulsun. Sağlam, güclü gənc insan olan bu Ukrayna vətəndaşı tapşırığı uğurla yerinə yetirib. Hərbi əməliyyatlarda iştirak etməyib. 2016-cı ilin avqustunda tərxis olunub və Moskvadan komanda gözləməyə başlayıb. Həmin komanda gəlib və onu icra edərək Denis Voronenkovu özü ilə məzara aparıb”.
A. Geraşşenko qeyd edib ki, istintaq qətlin bütün hazırlıq və təşkilatı tərəflərini araşdırır: “Qətldən keçən saatlar ərzində istintaqa artıq çox şey məlumdur”.
Nazir müşaviri bildirib ki, bundan sonra Ukrayna Silahlı Qüvvələrinə, Milli Qvardiyaya qəbul üçün yoxlanış meyarlarına ciddi şəkildə yenidən baxılacaq./apa/