Dövlət Gömrük Komitəsinin Kinologiya (İtlərin təlimi) Mərkəzinə beynəlxalq status verildi.
ANS TV-nin məlumatına görə, Ümumdünya Gömrük Təşkilatı (ÜGT) arasında imzalanan anlaşma Memorandumuna əsasən bu mərkəz dünyada 8-ci böyük qurum olacaq. Kinoloji Mərkəz barədə məlumat verən komitə sədri Aydın Əliyev bildirdi ki, Azərbaycanda təlim keçmiş itlərdən hazırda Türkiyə, Makedoniya, Konqo, Toqo, Gürcüstan və digər ölkələrin də gömrükçüləri də istifadə edir. Bu istiqamətdə Ümumdünya Gömrük Təşkilatından da tam dəstək var.
Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya Avropa regionunda potensialın gücləndirilməsi üzrə ÜGT-nin regional ofisinin Azərbaycanda yaradılmasının buna bariz nümunə olduğunu deyib:
“Bu, həm də ona sübutdur ki, Azərbaycan gömrük xidməti sahəsində ÜGT-yə öz töhfəsini verir və təcrübəsini paylaşır. Yeni mərkəz bu sahədə əməkdaşlığımızı daha da artıracaq”.
Sabah Ümumdünya Gömrük Təşkilatının “Gömrük sahəsində akademik araşdırmalar və inkişaf üzrə əməkdaşlıq proqramı”nın 10-cu konfransı Bakıda start götürəcək./anspress/