Kimdir günahkar? Bank, yoxsa ... (VİDEO)
10.04.2015 715 0.0 0

Ölkədə, daha bir kütləvi fırıldaqçılığın üstü açılıb. Xüsusilə bölgədə insanların etimadından sui-istifadə halı bu dəfə Qazaxda qeydə alınıb.

Müəssisə rəhbərinin az qala bir kəndin adına kredit götürməsi qəribə görünsə də, məsələnin hüquq-mühafizə orqanlarında araşdırılması vəziyyətin ciddiliyindən xəbər verir.

Qazaxın Xanlıqlar kəndində baş verən hadisə bir neçə gündür mətbuatın gündəmini zəbt edib. Söhbət körpələrimizin təlim və tərbiyəsini etibar etdiyimiz bağça müdirinin adının heç bir tərbiyəyə sığmayan hərəkətdə hallandırılmasından gedir. Üstəgəl, bu hadisə həm də Azərbaycanda şəbəkə cinayəti məsələsini təkrar aktuallaşdırır.

Belə ki, bu ilin əvvəlində “Azər Mühafizə” MMC və “Qala Mühafizə” MMC adlı fırıldaqçı qurumlar yaxalarını ələ vermədimi? Bu qurumlar 2013-2014-cu illərdə mühafizəçi və başqa vəzifələrə qəbul olunmaq üçün ayrı-ayrı vətəndaşları aldadaraq onları depozitə pul qoymalarına inandırmış, sonra da taladıqları vəsaitin bir qismini əmək haqqı kimi onlara qaytarmaqla digərlərini də bu işə cəlb etmişdilər.

Xanlıqlarda baş verən hadisə də güman ki, fərqli deyil. Kənd sakinləri də əslində elə bu qənaətdədilər. Onların sözlərinə görə, bank filialları vasitəsilə ümumi dəyəri 103 min manatdan çox olan krediti rəsmiləşdirib. İndi də qaytarmaqdan imtina edən bağça müdiri Xatirə Əsgərova bu işdə tək deyil.

Kənd sakini Yaşar Həmşiyev deyir ki, bunlara bank işçiləri ilə yanaşı Pərvanə adlı bir şəxs də kömək edib.

Məlumat üçün deyim ki, pulları mənimsədiyi üçün axtarışa verilən hansısa Pərvanə Səfərova ortalıqdan qeyb olub. Amma ortalıqda maraqlı suallar var. Yaxşı, bəs krediti verən bankların marağı nəydi ki, hətta əmək haqqı 60-70, 100 manat olan vətəndaşa belə kredit verirdi? Bu sualın cavabını adı hallandırılan banklardan birinin filial müdiri belə cavablandırıb.

“Bankdan kreditə pul götürənlərin demək olar ki, hamısı kənd adamlarıdır. Hər birinin kənddə həyətyani sahələri var. Onlar heyvandarlıqla, bağçılıqla məşğuldurlar. Məhz kreditlər də bağçılıq və təsərrüfatla məşğul olanlara verilir”, – deyə kredit verən bank filialının müdiri Məzahir Mirzəyev bildirdi. 

Bağça müdiri Xatirə Əsgərova isə bu məsələdə yaxasını maksimum kənara çəkməyə çalışır. Hər halda o da müxbirimizlə söhbətində öz rolunun sadəcə banka müştəri cəlb etmək olduğunu deyib. Və bu məsələdə daha başqa mətləblərin olmasına diqqət çəkib:

“Bankdan kredit pul götürənləri danışdırın. Əgər kredit götürənlərə də inamırsınızsa, o zaman bankın kamerasına baxış keçirilsin. Mənim əlim pula dəyibdirmi? Bu gün kreditə pul götürənlərin hər biri izahatında qeyd edir ki, sənədlərə imza atdıq, amma pulu götürmədik, pullar bankın kassasında qaldı”.

Ağır ittihamdır və əlbəttə əsas diqqəti bankların fəaliyyətinə yönəldir. Hərçənd, adı bu məsələdə hallandırılan banklardan birinin rəsmisi bunu rədd edir.

Kredit verən bank filialının müdiri Məzahir Mirzəyevin sözlərinə görə, bütün banklarda heç bir müştərinin pulu digərinə verilə bilməz, hər bir şəxs özləri bu pulları qəbul edib.

Hər halda, son sözü hüquq-mühafizə orqanları deyəcək. Artıq məsələ ilə bağlı dələduzluq maddəsi ilə cinayət işi açılıb. Pulları mənimsəməkdə günahlandırılan Pərvanə Səfərova barəsində axtarış elan olunub.

Bağça müdiri isə bu məsələdə artıq bir qurban verib. Kənddə danışırlar ki, Xatirənin həyat yoldaşı bu qalmaqaldan sonra intihar edib. Amma bu hələ dəhşət filminin sonu deyil. Tələb edildiyi kimi bankların kameraları açılsa, kimlərinsə həbsxana kameralarına düşməsi qaçınılmaz olacaq./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar