"Facebook" rəhbərliyi öz əməkdaşlarını addımbaaddım izləyir və "lazımsız" məlumatların mətbuata sızmamasına çalışır.
"RİA Novosti"yə istinadən xəbər verilir ki, bu barədə "Wired" jurnalına sosial şəbəkənin bir neçə sabiq və hazırkı işçisi məlumat verib.
Məsələn, müsahiblərin biri jurnalistdən telefonunu söndürməyi xahiş edib və bunu smartfondakı siqnal vasitəsilə "Facebook"un onların hər ikisinin yerini izləyə biləcəyi və bunun rəhbərliklə problem yaradacağı ilə izah edib.
"Facebook"un Nyu-York ofisinin sabiq əməkdaşı Bencamin Firnou da oxşar çətinliklərlə üzləşib. O, "Gizmodo" portalından olan jurnalist dostuna Mark Zukerberqin "Black Lives Matter" hərəkatı ilə bağlı işçilərinə yazdığı məktubu göndərib.
Ertəsi gün bazar gününə təsadüf etsə də, B.Firnou işdən, təxminən, 30 mesaj alıb. Özü də yazanlar yüksək vəzifəli şəxslər, o cümlədən Daxili araşdırmalar departamentinin rəhbəri olub. Əməkdaşdan təcili olaraq jurnalistlə nə məqsədlə əlaqə qurmasına aydınlıq gətirməsi tələb edilib, bir neçə gün sonra isə B.Firnou işdən qovulub./Report/