Bərdə rayon sakini Hüseyn Qasımovun istiqamətində avtomat silahdan atəş açmaqla xəsarət yetirmiş Bakı şəhər sakini Ramil Hüseynli tutulmuşdur
Qazeta.info Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Polis və prokurorluq orqanları əməkdaşlarının apardıqları əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində aprelin 11-də paytaxtın Binəqədi rayonu ərazisində Bərdə rayon sakini Hüseyn Qasımovun istiqamətində avtomat silahdan atəş açmaqla xəsarət yetirmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Hüseynli tutulmuşdur. Onun Binəqədi rayonu ərazisində kirayədə yaşadığı evdən “AKM” markalı silah, 22 ədəd patron və patron darağı aşkar edilərək götürülmüşdür.
Ətrafında aparılməş tədbirlərlə R.Hüseynlinin həmin cinayəti paytaxt sakini Günel Süleymanovanın sifarişi ilə törətməsi, habelə açdığı atəş nəticəsində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin mühafizə otağının pəncərə şüşəsinə və Bakı şəhər sakini Xəzər Cəfərzadəyə məxsus “Niva” markalı avtomobilə ziyan dəyməsi də müəyyən edilmişdir.
Həyata keçirilmiş tədbirlərlə G.Süleymanova da tutulmuşdur.