Gürcüstanın keçmiş elm və təhsil naziri, Gürcüstan Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəhbəri Xatiya Dekanoidzeyə Ukraynada yeni vəzifə verilib.
Məlumata görə, 38 yaşlı qadın məmur Ukrayna Milli Polisinin başçısı təyin edilib. Gürcüstanda olarkən məhz onu Mixail Saakaşvili hakimiyyətinin siması adlandırırdılar.
Xatiya Dekanoidze bu vəzifəyə gəlməzdən əvvəl Ukrayna daxili işlər naziri Arsen Avakovun müşaviri və Kiyevdə "siyasi məktəb"in təsisçisi olub. Arzu edənlər bu məktəbdə gürcü islahatlarını öyrənə bilərdilər.
Hələ 24 yaşında olarkən Xatiya Dekanoidze Gürcüstanın Təhlükəsizlik Şurası administrasiyasına rəhbərlik edib. Uzun müddət ABŞ-da təhsil alandan sonra isə ölkənin Daxili İşlər Nazirliyinin Polis Akademiyasına rektor təyin edilib.
Xatiya Dekanoidze
Dekanoidzenin namizədliyini rəsmi olaraq Arsen Avakov versə də, bu təyinatda da əvvəlkilərdə olduğu kimi Ukraynanın Odessa vilayətinin qubernatoru, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin təsiri aydındır.
O, Ukraynada vəzifə alandan sonra daim öz təyinatları ilə təəccübləndirib. Saakaşvili ətrafına anti-rus düşüncəli və Gürcüstanda hakimiyyətdə olduğu müddətdə tərəfdarı olan şəxsləri toplayaraq Ukraynada yüksək vəzifələrə gətirib.
Məsələn, bundan əvvəl o, 26 yaşlı Yuliya Maruşevskayanı Ukrayna gömrüyünə rəhbər təyin edib. Yuliya Maruşevskaya təyinatına qədər isə Saakaşvili məşhur rus yazıçısı Arkadi Qaydarın nəvəsi, Rusiyanın dövlət və siyasi xadimi Yeqor Qaydarın qızı Mariya Qaydarı özünə yeni köməkçi təyin edib.
Yuliya Maruşevskaya (sodla) və Mariya Qaydar (sağda)
Bununla belə Odessa qubernatoru gürcülərlə yanaşı azərbaycanlıya da Ukrayna idarəçiliyndə yer verib. Belə ki, Ukraynanın Dövlət Fiskal Xidmətinin sədri azərbaycanlı Roman Nəsirov da Saakaşvilinin təyinatı ilə həmin vəzifəni tutub.
O, Ukrayna Ali Radasına Prezident Petro Poroşenkonun "Blok Pyotr Poroşenka" Partiyasından seçilib. İndi isə Nəsirov parlamentin gömrük və vergi məsələləri üzrə komitəsinə rəhbərlik edir.
Roman Nəsirov (solda) və Mixail Saakaşvili (sağda)./anspress/