Kamerunda kütləvi tələfatla nəticələnən terror hadisəsi baş verib. Məlumata görə, 4 terrorçu-kamikadzenin ölkənin şimalında Bodo şəhərindəki bazarda törətdiyi partlayışlar nəticəsində 32 nəfər həlak olub, 86 adam isə yaralanıb.
Bu terrorçu təşkilat Kamerunun şimalında öz hücumları ilə aktivdir. Hətta məlumata görə, 2013-cü ildən bəri ölkənin bu regionunda məhz “Boko Haram”ın terror hadisələri nəticəsində mülki şəxslər və hərbçilər daxil olmaqla 1200 nəfər adam ölüb.
“Boko Haram” əsasən Nigeriyada fəaliyyət göstərən radikal islamçı qruplaşmadır. Bu təşkilatın döyüşçüləri qərb təhsil modelinin əleyhinə çıxır və bütün ölkədə şəriət qanununun tətbiqinə nail olmaq istəyir.
"Boko haram" terrorçu qruplaşması
“Boko Haram” onlara qarşı hərbi kompaniya ilə çıxış edən Nigeriya, Kamerun və Çada cavab olaraq çoxsaylı terror hücumları təşkil edir.
Bu terrorçu qruplaşmanın üzvləri təxminən bir ay əvvəl də Kamerunun şimalında terror törətməklə 10 nəfərin həyatına son qoymuşdu. Həmin hücumda iki terrorçunun iştirak etdiyi açıqlanmışdı.
“Boko Haram”ın ötən il sentyabrın 20-də Nigeriyanın şimal-şərqində törətdiyi silsilə partlayışlar nəticəsində 117 nəfər həlak olmuşdu. Partlayışlar Maiduquri şəhərinin iki qəsəbəsində baş vermişdi. 2015-ci ilin dekabrın 28-də də bu şəhərdə 80 nəfərin ölümü ilə nəticələnən qanlı hadisə olmuşdu.
Nigeriyanın Maiduquri şəhərində törədilən terror hadisəsi
Görünür, 2015-ci ildə İŞİD-ə sadiqliyinə and içən "Boko Haram" da qanlı terrorları ilə Nigeriyaya, eləcə də qonşuluqdakı Kamerun və Çada öz prinsiplərini qəbul etdirməkdə israrlıdır. Şəriəti təbliğ etdiklərini düşünən bu terrorçular dinc əhalinin yaşayışını faciəli filmlərə çevirməklə özlərini məqsədlərinə çatmış hesab edirlər. Ancaq insanlıqdan uzaqlaşmış bu qruplaşma üzvləri törətdikləri vəhşiliklərlə həm şəriət qaydalarını pozur, həm də özlərinin artıq mənəviyyatlarının məhv olduğunu sübut edirlər./anspress/