Fövqəladə hallar naziri Kəmaləddin Heydərov noyabrın 25-də nazirliyin yaradılmasının 10 illik yubileyi münasibətilə keçirilmiş “Xəzər-2015” komanda-qərargah təlimini müşahidə etmək üçün Azərbaycanda səfərdə olan İran İslam Respublikası daxili işlər nazirinin müavini, Böhranların İdarə edilməsi Təşkilatının sədri İsmayıl Nəccarı qəbul edib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən məlumata görə, nazir Kəmaləddin Heydərov komanda-qərargah təlimini müşahidə etmək üçün ölkəmizə səfər etdiyinə görə İsnayıl Nəccara təşəkkürünü bildirib. O, iki dost və qonşu ölkənin fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində uğurlu əməkdaşlığından məmnun olduğunu da diqqətə çatdırıb.
İsmayıl Nəccar qəbula və müvəffəqiyyətlə keçən “Xəzər-2015” komanda-qərargah təlimini müşahidə etmək üçün dəvətə görə təşəkkürünü bildirib, rəhbərlik etdiyi təşkilatın Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığının daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb./apa/