Bu gün bir qrup jurnalist Rasim Əliyevin ölümündə günahı olan həkimlərin cəzalandırılması tələbi ilə Bakı şəhər Prokurorluğunun binası qarşısında aksiya keçirib.
Respublika Baş Prokurorluğundan bildirdilər ki, aksiya iştirakçılarını Bakı şəhər prokuroru Əziz Seyidov qəbul edib. İştirakçılar prokurordan jurnalist Rasim Əliyevin ölümündə günahkar olan həkimlərin cinayət məsuliyyətinə cəlb edilməsini istəyiblər.
Prokuror da öz növbəsində həkimlərin günahları olduğu təqdirdə cəzalanacığını, onların məsuliyyətə cəlb edilməsi məsələsinə baxılacağını bildirib.
Rasim Əliyev avqustun 8-i futbolçu Cavid Hüseynovun bibisi oğlu Elşən İsmayılov və daha 5 nəfər tərəfindən vəhşicəsinə döyülüb. 4 qabırğası sındırılan, qulağı zədələnən, dalağı dağıdılan, ağciyəri əzilən jurnalist 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb və 9 avqustda orada dünyasını dəyişmişdi.
Jurnalist Rasim Əliyevin son çıxışı
Hadisədən bir neçə gün sonra Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu jurnalist Rasim Əliyevin ölümü bağlı birgə bəyanat vermişdi.
Həmin bəyanatda bildirilirdi:
“Avqustun 8-də saat 18:00 radələrində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Əliyev Rasim Məmmədəli oğlu Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində fəaliyyət göstərən “Bayıl market” mağazasının qarşısında bir qrup naməlum şəxslər tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və aldığı xəsarətlərdən avqustun 9-da saat 05.00 radələrində orada vəfat edib.
Faktla bağlı Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
16 avqust 1984-ci ildə dünyaya gələn Rasim Əliyev Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) keçmiş əməkdaşı idi. /anspress/
Rasim Əliyevin cəsədi evə gətirilən zaman