Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Məlumata görə, prosesdə təqsirləndirilən Samir Mustafayev ifadə verib. O hadisə yerinə çay içmək üçün getdiyini, dava olacağından xəbərsiz olduğunu bildirib.
S. Mustafayev ibtidai istintaqa verdiyi ifadəni təsdiq etməyib.
Daha sonra Rasim Əliyevin anası Teyfurə Əliyeva ifadə verib. T. Əliyeva deyib ki, hadisə baş verən gün Cavid Hüseynov və onun bibisi oğlu Elşən İsmayılov Rasimə bir neçə dəfə zəng ediblər: “Rasim Cavid Hüseynova dedi ki, onun elədiyi yaxşı hərəkət deyil. Mənə də dedi ki, Cavidə hərəkətinin düzgün anlaşılmasını istəyirsə, mətbuata düzgün açıqlama verməsini məsləhət gördüm. Rasim mənim yanımda onlarla danışdı və heç bir söyüş söymədi. Cavidlə Elşən Rasimi aldadıb evdən çay içmək adı ilə dəvət ediblər. Elşən Rasimə deyib ki, biz həmyerliyik, görüşək, çay içək. Elşən həm də Rasimi təhqir etdiyinə görə ondan üzr istəyəcəyini deyib”.
T. Əliyeva onu da bildirib ki, Rasim xəstəxanada olanda Cavid Hüseynov klubun meneceri ilə onun yanına gəlib.
Anası Rasim Əliyevin ölümündə həkim səhlənkarlığının rolunun da olduğunu qeyd edərək məhkəmədən təqsirləndirilən şəxslərə ən ağır cəza verilməsini istəyib.
Proses yanvarın 26-da davam etdiriləcək.
Qeyd edək ki, Rasim Əliyev ötən il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən R. Əliyev orada vəfat edib. Həmin faktla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulub. Bir müddət sonra cinayət işinin materiallarından Cavid Hüseynovun cinayət işi ayrılaraq ayrıca icraata verilib.
C. Hüseynovun üzvü olduğu "Qəbələ" futbol klubu bildirib ki, futbolçunun adının fotojurnalist Rasim Əliyevin qətli ilə əlaqələndirilməsi klub tərəfindən bütün ciddiyyəti ilə qarşılanıb. Klub bu oyunçunun Avropa Liqası kimi məşhur turnirdə komanda üçün nə qədər böyük əhəmiyyətə malik olmasına baxmayaraq, öz dəyərlərinə sadiq qalaraq, hüquq-mühafizə orqanları tərəfindən həbsdən əvvəl onu komandadan uzaqlaşdırıb.
Klub məsələnin ədalətli, obyektiv və şəffaf şəkildə araşdırılacağına və mərhum Rasim Əliyevin valideynlərinin dərdinə şərik olaraq bütün günahkarların cəzalarını alacağına inandığını qeyd edib, bunun ölkəmiz və idmanımızın imici üçün də çox vacib olduğunu vurğulayıb./apa/