Bu gündən başlayaraq Azərbaycanda yaşayış yeri barədə arayışları da ASAN xidmət verəcək.
Məlumata görə, prezident İlham Əliyevin dünən imzaladığı sərəncamla yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın verilməsi Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə, yəni ASAN xidmətə həvalə edilib.
İndiyə qədərsə bu arayışlar mənzil-istismar sahələri (MİS) tərəfindən verilirdi. Fərman həmçinin mənzillərdə, fərdi yaşayış evlərində və digər yaşayış sahələrində qeydiyyatda olan şəxslərin uçotunun elektron bazasının yaradılmasını nəzərdə tutur. İndiki vəziyyətə görə isə mənzil-istismar sahələrində qeydiyyat uçotu barədə informasiyanın toplanması, sistemləşdirilməsi, saxlanması və arxivləşdirilməsi kağız daşıyıcılar üzərində aparılır.
Qeydiyyat sektoru Azərbaycanda ənənəvi olaraq problemli sahə olub. Müstəqilliyin ilk illərində Bakıda qeydiyyata düşmək üçün 400 dollara qədər qeyri-rəsmi pul istəyirdilər. O dövrlər üçün bu, çox böyük vəsait idi - mikrorayonlarda bir otaqlı evin qiyməti təxminən 4 min dollar ətrafında dəyişirdi. Yəni indiki hesabla təxminən 5 min manat demək idi. O vaxt adamlar Bakıda işə girmək üçün mütləq paytaxtda qeydiyyata düşməli idilər. Sonradan əmək bazarı liberallaşdı və işləmək üçün Bakı qeydiyyatına heç bir ehtiyac qalmadı. Uyğun olaraq, bu qeyri-rəsmi ödəniş növü də ortadan qalxdı.
Amma MİS-lərdən yaşayış yeri barədə arayışların alınması məsələsi yenə də problem olaraq qalmaqdadır. Azərbaycanın müxtəlif yerlərində bu arayışların alınması ilə bağlı müxtəlif məbləğdə qeyri-rəsmi ödənişlər tələb olunur. Bakıda qeyri-rəsmi ödəniş 20 manatdan 50 manata qədər dəyişir. Camaatın dediyinə görə, adətən 50 manat istəyirlər, sonradan danışıqlar yolu ilə qiyməti aşağı salmaq mümkün olur.
Hafiz Babalı - iqtisadçı ekspert
İqtisadçı ekspert Hafiz Babalı müsahibəsində məsələnin digər problemli tərəfinin arayışı almaq istəyən adamın üzərinə qoyulan yan tələblər olduğunu bildirir: “Arayış istəyən adamdan mənzil pulunun və digər ödənişlərin tam ödənilməsi tələb olunur. Bu olmayanda isə adamı əsassız get-gələ salaraq “şirnilik” gözləyirlər”.
Hafiz Babalı bu sahədə həmişə özbaşınalıq olduğunu söyləyir: “Bir ara Sumqayıtda İcra Hakimiyyəti özbaşına davranaraq bu xidməti pullu eləmişdi. Bu məsələ ilə bağlı şəxsən mübarizə apardım və Nazirlər Kabinetinə bu qanunsuzluqla bağlı şikayət etdim. Nəticədə, şəhər icra hakimiyyəti geri addım atmalı oldu. İndi hər şey qayda-qanunla və sürətli olacaq. MİS-lər camaatın əsəbləri ilə oynaya bilməyəcək”.
İqtisadçı ekspert Azər Mehdiyev isə, ümumiyyətlə, yaşayış yeri barədə arayışın lazımsız bir şey olduğunu vurğulayır. “Əgər vətəndaşın şəxsiyyət vəsiqəsi varsa, yaşayış yerindən arayışa nə ehtiyac var? Adamın qeydiyyatda olduğu yer, foto və s. məlumatlar orada göstərilir. Kimə lazımdırsa, şəxsiyyət vəsiqəsinin surətini çıxararaq işə tikə bilər”,- deyə iqtisadçı ekspert bildirib.
Əslində, müasir dövrün yaratdığı imkanlar inkişaf etmiş dövlətlərdə yaşayış yeri arayışlarını çoxdan tarixə dəfn edib . Məsələn, Türkiyədə hələ 10 il qabaq vətəndaşların elektron qeydiyyat sistemi mövcud idi. Yəni istənilən qurumda təqdim edilən şəxsiyyət vəsiqəsinin həqiqiliyini yoxlamaq mümkün idi. Bunun üçün, sadəcə, vətəndaşların qeydiyyatı üzrə elektron sistemə daxil olmaq lazım gəlirdi. Böyük ehtimalla, MİS-lərdəki qeydiyyat göstəriciləri elektron sistemə daxil edildikdən sonra bu, Azərbaycanda da mümkün olacaq.
Azər Mehdiyev - iqtisadçı ekspert
Buna görə Azər Mehdiyev həmin məsələnin başa çatmasından sonra Azərbaycanda MİS-ləri bir dəfəlik ləğv etməyin mümkün olacağını düşünür: “Qanunvericilikdə MİS-lər nəzərdə tutulmur. MİS-lər sovet dövründə qəbul edilmiş Mənzil Məcəlləsinin əsasında yaradılıb və sovet dövründə ictimai mülkiyyət sayılan mənzillərin idarə edilməsi ilə məşğul idi. İndi mənzillər özəlləşdirilib və MİS-lərin həyata keçirdiyi funksiyaları mənzil mülkiyyətçiləri birlikləri, yəni kondominimumlar görməlidirlər. Binaların həyətləri, məhəllə daxili yollar və s. kondominimumlara tabe edilməlidir. Onda MİS-lərin vəziyyətdən sui-istifadə edərək, bina həyətlərinə özbaşına restoran və ya digər xidmət obyektləri soxmasının da qarşısı alınar”.
Prezident əhalinin böyük problemini birdəfəlik həll etdi/anspress/