"Sentyabrın 27-də Ordubad rayonu istiqamətindəki qoşunların təmas xəttində itkin düşən əsgər Cəlilbəyli Pərviz Bəhruz oğlunun meyiti Ermənistan tərəfindən götürülüb və hazırda qaytarılması istiqamətində tədbirlər görülür".
APA TV-nin məlumatına görə, bunu Əsir və itkin düşmüş və girov götürülmüş vətəndaşlarla iş üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbərinin müavini Eldar Səmədov deyib: "Ayın 23-də qarşı tərəf məlumat vermişdi ki, Ordubad rayonunun Ermənistanla sərhədi ərazisində qoşunların aralıq xəttində azərbaycanlı hərbçiyə aid meyit tapılıb. Həmin meyitin şəxsiyyətinin müəyyən olunması ilə bağlı təkrar beynəlxalq təşkilatlara müraciət olunub və məndə olan məlumata görə, həmin meyit Ermənistan tərəfindən götürülüb və hazırda onun qaytarılması üçün proses, danışıqlar gedir. Yəqin ki, yaxın günlərdə bu məsələ ilə bağlı biz dövlət komissiyası olaraq ictimaiyyətə məlumat verəcəyik".
Eldar Səmədov bildirib ki, təmas xəttində hər hansı əsgərimiz itkin düşdüyü təqdirdə, buna dərhal reaksiya verilir və aidiyyəti beynəlxalq təşkilatlara müraciət olunur. İndiki halda da bu istiqamətdə aparılan işlər ölkə rəhbərliyinin və müvafiq dövlət qurumlarının tapşırıqlarına uyğun davam etdirilir.
Bu arada hərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk edən 1998-ci il təvəllüdlü əsgər Cəlilbəyli Bəhruz Pərviz oğlunun meyiti noyabrın 28-də Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda Azərbaycana təhvil verilib.
Prosesdə Azərbaycanın və Ermənistanın aidiyyəti dövlət qurumlarının və Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, P.Cəlilbəyli bu il yanvarın 5-də Sədərək rayonundan həqiqi hərbi xidmətə çağırılıb.