İtkin düşən gizirimizin ermənilərin əlində olduğu ehtimal edilir
14.04.2016 654 0.0 0

"Döyüş meydanında itkin düşənlərlə bağlı axtarışlar aparılan zaman bir hərbi qulluqçumuz - kiçik gizir Baxışov Seymur Qulamhüseyn oğlunun taleyi barədə məlumat əldə etmək mümkün olmayıb. İtkin düşən hərbi qulluqçumuzun erməni tərəfinin əlində olduğu ehtimal edilir".
Məlumata görə, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.
Komitənin məlumatına görə, prezident İlham Əliyevin tapşırığına əsasən, vasitəçilərin təşəbbüsünə hörmətlə yanaşaraq və beynəlxalq humanitar hüququn normalarına riayət edərək döyüş əməliyyatlarının dayandırılması barədə razılıq əldə edildikdən dərhal sonra Azərbaycan tərəfi həlak olan və itkin düşən hərbi qulluqçuların taleyinə aydınlıq gətirilməsi ilə bağlı üzərinə düşən bütün məsələlərin icrasını həyata keçirib. 
Bu günə kimi “hamının-hamıya” prinsipi əsas götürülərək beynəlxalq vasitəçilərin iştirakı ilə qarşı tərəfə 18 erməni hərbi qulluqçusunun meyiti təhvil verilib. Eyni zamanda daha bir erməni hərbi qulluqçusunun meyitinin tapılaraq Azərbaycan tərəfində olması barədə prosesin iştirakçıları məlumatlandırılıb. "Onun qaytarılmasına hazır olduğumuz bəyan edilib. Ancaq qarşı tərəf onun barəsində məlumat verməkdən imtina edir və qaytarılması istiqamətində müvafiq addımlar atmır". 

Komitədən verilən məlumata görə, Azərbaycan tərəfinin razılaşmanın tələblərinə hörmətlə yanaşdığını və şərtlərə tam əməl etdiyini nəzərə alaraq qarşı tərəf də eyni addım atmağa dəvət edilir. 

"Həmçinin, aidiyyəti beynəlxalq qurumları kiçik gizir S.Baxışovun taleyinə aydınlıq gətirilməsi, onun axtarılaraq yerinin müəyyən olunması və tezliklə geri qaytarılmasına köməklik göstərilməsi məsələsində prinsipiallıq nümayiş etdirməyə çağırırıq".

Aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhəboyu mövqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar var. Bu təxribatın qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib.

Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib. Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib. 

 
Dörd günlük döyüş əməliyyatları zamanı Ermənistan tərəfinin onlarla tankı, o cümlədən çox sayda hərbi texnikası və canlı qüvvəsi məhv edilib. Azərbaycan Ordusu da əməliyyatlarda şəhid verib. 

Hazırda həmin yüksəkliklər və yeni müdafiə xətti boyu müvafiq gücləndirmə tədbirləri həyata keçirilir, yeni səngərlər qazılır və mövqelərdə möhkəmləndirmə işləri aparılır.

Əldə edilən razılığa görə, aprel ayının 5-də döyüş əməliyyatları dayandırlıb. Daha sonra döyüş meydanında qalan meyitlərin götürülməsi prosesi həyata keçirilib. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar