Türkiyənin İstanbul şəhərində Sultanəhməd meydanında partlayışı törədən terrorçunun kimliyi məlum olub.
Mətbuata görə, meydanda özünü partladan kamikadze Səudiyyə Ərəbistanında anadan olmuş Suriya vətəndaşı, 5 sentyabr 1988-ci il təvəllüdlü Nabil Fadlidir. İŞİD terror təşkilatının üzvü olan N. Fadlinin Suriyadan gəldiyi, bu il yanvarın 5-də İstanbulda qaçqın kimi qeydiyyata düşdüyü müəyyənləşib. Qeydiyyata düşərkən onun barmaq izləri götürülüb. Barmaq izlərinə əsasən, onun adı terrorçular siyahısında olmayıb.
Qeyd edək ki, yanvarın 12-də İstanbulda kamikadzenin özünü partlatması nəticəsində 10 əcnəbi turist ölüb. Onların 8-i Almaniya, 1-i Peru, 1-i isə Cənubi Koreya vətəndaşıdır. Hadisə zamanı 15 nəfər xəsarət alıb ki, onlardan birinin vəziyyəti ağırdır./apa/