İstanbuldakı “Reina” gecə klubunda qətliam törədən qırğızıstanlı terrorçunun hadisədən sonra mindiyi taksidə zəng etdiyi şəxsin kimliyi məlum olub.
Türkiyənin “Vatan” nəşrinə istinadən xəbər verilir ki,o, hücumu planlaşdıran “Yusuf Hoca” kod adlı terrorçuya zəng edib.
Polisi təcavüzkarın ailəsinə aparan xəbər isə Konyadan gəlib. Xəbər terrorçunun ailəsi ilə birlikdə Konyada yaşadığını ortaya çıxarıb. Aparılan araşdırmalar onun noyabrın 20-də həyat yoldaşı və iki uşağı ilə birlikdə Qırğızıstandan İstanbula gəldiyini müəyyən edib. Buradan avtomobil yolu ilə Ankaraya gedən terrorçu daha sonra – noyabrın 22-də Konyaya gəlib.
Ancaq terrorçunun İstanbul və Konyada daha əvvəllər də olduğu müəyyən edilib.
İddialara görə, terrorçunu Konyada hücumu planlaşdıran “Yusuf Hoca” kod adlı şəxs qarşılayıb və ikisi dekabrın 29-da İstanbula gəlib. “Yusuf Hoca” terrorçunu Zeytinburnuda bir evə yerləşdirərək yoxa çıxıb. Polis hazırda “Yusuf Hoca”nı axtarır.
Türkiyənin “Yeni Şafak” nəşrinin yazdığına görə, terrorçunun kod adı “Xorasani”dir. Terrorçunun həmçinin İŞİD-də “Əli Müslim Xorasani” kod adından istifadə etdiyi bildirilir. Onun hücumdan əvvəl və sonra ümumilikdə 8 taksidən istifadə etdiyi müəyyən edilib. Bütün taksilərin nömrələri müəyyən edilərək sürücülərdən ifadələr alınıb./Publika.az/