İsrail Rusiyaya inad Ukraynaya silah göndərməyə başlaya bilər.
Məlumata görə, İsrailin belə qərar verməsinə səbəb Rusiyanın “S-300” raketlərinin İrana verilməsinə qoyulmuş qadağanın ləğv olunması ilə bağlıdır.
Bildirilir ki, İsrail hökumətində bu barədə hələlik konkret qərar verilməyib.
Bu arada İsrail baş naziri Bimyamin Netanyahu da Rusiya prezidenti Vladimir Putinə narazılığını bildirib.
Baş nazir prezident Putinə bildirib ki, bu addım İranın bölgədə aqressivliyini artıracaq və Yaxın Şərqdə təhlükəsizliyi sarsıdacaq.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin S-300 zenit-raket sistemlərinin İrana tədarükünə qadağanı aradan qaldıran sənəd imzalayıb.
Fərman S-300 zenit-raket sistemlərinin Rusiya ərazisindən tranzit daşınması, o cümlədən hava nəqliyyatı ilə daşınması, Rusiya ərazisindən İrana aparılması, həmçinin Rusiya dövlət bayrağı altında üzən hava və dəniz gəmilərindən istifadə etməklə Rusiyanın sərhədlərindən kənarda İrana verilməsinə qadağanı aradan qaldırır.
Rusiya 2010-cu ildə BMT Təhlükəsizlik Şurasının sanksiyaları çərçivəsində S-300 zenit-raket sistemini İrana satmaqdan imtina etmişdi./anspress/