Suriyalı jurnalist Türkiyədə qətlə yetirilib.
Türkiyə mətbuatına istinadən verilən xəbərə görə, Qaziantep vilayətində məskunlaşmış 37 yaşlı Naji əl-Jerf küçədə gəzərkən odlu silahla başından vurulub. Xəstəxanaya çatdırılan jurnalistin həyatını xilas etmək mümkün olmayıb.
Məlumatda bildirilir ki, Naji əl-Jerf Suriyada “Alhita” adlı jurnal buraxıb, orada həyatına təhlükə olduğu üçün Türkiyəyə qaçıb və burada fəaliyyətini davam etdirib. Onun İŞİD əleyhinə sənədli film çəkdiyi, bu səbəbdən terror təşkilatının barəsində ölüm hökmü verdiyi bildirilir.
Hələlik qətli törədənin kimliyi məlum olmasa da, onun İŞİD-in sifarişi ilə öldürüldüyü deyilir.
Qeyd edək ki, bu ilin oktyabrında İŞİD əleyhinə materiallar dərc edən “əl-Vətən” qəzetinin jurnalistləri İbrahim Əbdülqadir və Firas Həmmadi Türkiyənin Şanlıurfa vilayətində başları kəsilərək öldürülüb. Bu qətli İŞİD üzərinə götürüb./apa/