İraqda şiə lider Müqtəda əs-Sədr İŞİD terror qruplaşmasının yaratdığı təhlükə ilə bağlı cihad çağırışı edib.
Məlumata görə, din xadiminin köməkçisi Əbu Dua əl-İsavi tərəfindən verilən açıqlamada bildirilir ki, müqəddəs Samirə şəhərində terrorçu və təkfirçilərin üzündən ortaya çıxan təhlükəli vəziyyəti nəzərə alaraq, Seyyid Müqtəda əs-Sədr "Seraya əl-İslam" milislərinin 48 saat içində lazımlı hazırlıqları tamamlayaraq, cihad təlimatını gözləməsini əmr edib.
Açıqlamada atılacaq növbəti addım üçün Sədrdan gələcək təlimatı gözlənilməsinin lazım olduğu qeyd olunub.
Qeyd edək ki, İŞİD terror qruplaşması bu ilin iyun ayından başlayaraq Mosul başda olmaqla İraqın bir neçə bölgəsini ələ keçirib. Hazırda İraq təhlükəsizlik qüvvələri ilə terrorçular arasında şiddətli döyüşlər gedir. ABŞ-ın başçılıq etdiyi anti-İŞİD koalisiyası İraq ordusuna hava hücumlarıyla dəstək versə də, İŞİD terror qruplaşması irəliləməkdə davam edir.
İraqda böyük nüfuza malik olan Müqtəda əs-Sədrə bağlı olan qüvvələr İslamın müqəddəs məkanlarını qorumaq üçün səfərbər olunub.ANS PRESS