Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putinin sentyabrın 23-də keçiriləcək görüşündə söhbətin əsas mövzusunun İŞİD olacağı güman edilir.
Məlumata görə, Rəcəb Tayyib Ərdoğanın Moskvaya gedəcəyi barədə xəbəri Kremlin mətbuat kuatibi Dmitri Peskov yayıb. Onun sözlərinə görə, Türkiyə prezidenti Moskvada cümə məscidinin açılışında iştirak edəcək. “Həmçinin onun prezident Putinlə iki tərəfli söhbəti də baş tutacaq”, - deyə Peskov vurğulayıb.
Moskva cümə məscidi
Məscidin açılışında Fələstin müxtariyyətinin prezidenti Mahmud Abbasın da iştirak edəcəyi barədə yayılan xəbər görüşdə Yaxın Şərq probleminin ciddi və geniş çalarlı müzakirə ediləcəyini güman etməyə imkan verir. “Mahmud Abbasla da Ərdoğanın ayrıca danışıqları olacaq”,- deyə Peskov bildirib.
Yaxın Şərqdə, xüsusilə Suriyada baş verənlərlə bağlı son aylar Putinlə Ərdoğan arasında ciddi fikir ayrılığı olması barədə xəbərlər çox dolaşmaqdadır. Yayılan xəbərlərdən birində hətta vurğulanır ki, Rusiya prezidenti Türkiyənin bu ölkədəki səfiri Ümit Yardımı yanına çağıraraq Ərdoğanın İŞİD-ə dəstək verməsini dayandırmağı tələb edib, əks halda Suriyanı Stalinqrada çevirməklə hədələyib.
Dmitri Peskov - Kremlin mətbuat katibi
Rusiyanın Suriya hakimiyyətinə yardım barədə qərarı getdikcə qətiləşir. Dünən Suriyanın BMT-dəki səfiri Bəşər Cəfəri Rusiyanı İŞİD-ə zərbələr vurmağa çağırmışdı. Bu gün isə Dmitri Peskov xəbəri şərh edərək bildirib ki, Moskva hazırda Suriyaya qoşun göndərmək məsələsini müzakirə edir. Yəni yaxın zamanlarda Rusiya Suriya müharibəsinə açıq-aydın qoşula bilər. Əsas hədəfi isə İŞİD olacaq.
Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafanın fikrincə, Ərdoğanın Moskvaya dəfət edilməsi də məhz İŞİD-ə qarşı iki ölkənin birgə mübarizəsi ilə bağlıdır. “İŞİD-ə qarşı hər iki ölkənin baxışı kəskin fərqlənir. Türkiyə İŞİD-ə qarşı ABŞ-ın rəhbərlik etdiyi koalisiyada yer alır. Amma Rusiya Bəşar Əsədin tərəfindən İŞİD-ə qarşı mübarixzə aparır. Artıq İŞİD Türkiyə üçün də ciddi təhlükəyə çevrilib. Buna görə də bu məsələdə Türkiyə ilə Rusiyanın maraqları yaxınlaşmağa başlayıb”,- deyə Fazil Mustafa bildirib.
Fazil Mustafa - Böyük Quruluş Partiyasının başqanı
Fazil Mustafa görüşə Fələstin muxtariyyətinin rəhbəri Mahmud Abbasın da dəvət edilməsinin məhz bu məsələ ilə bağlı olduğunu deyir: “Yəqin ki, Rusiya İsraillə Türkiyə arasında yaranmış anlaşılmazlığı aradan qaldırmaq istəyir. Çünki son zamanlar İsraillə Rusiya arasında münasbitələrin ilıqlaşması müşahidə edilir”.
İŞİD-ə qarşı mübarizədə Türkiyə ilə Rusiyanı ayıran əsas amil Bəşər Əsəd rejimi ilə bağlıdır. İndiyə kimi Türkiyə əvvəl Bəşər Əsədi devirmək, sonra İŞİD-i məhv etmək barədə düşünürdü. Rusiya isə İŞİD-ə qarşı mübarizə aparan koalisiyaya Bəşər Əsədin də daxil edilməsini tələb edir.
Əslində, Bəşər Əsədin koalisiyaya qatılması Suriyanın ərazi bütövlüyünün qorunması deməkdir. Yaxın Şərqdə baş verən son hadisələr göstərir ki, Suriyanın ərazi bütövlüyünün qorunması elə Türkiyənin də unitar dövlət quruluşunun mühafizə olunmasına xidmət edir. Çünki son günlərdə bölgədə baş verənlər göstərir ki, hadisələr qərbin müəyyən dairələrinin həyata keçirdiyi Böyük Orta Şərq layihəsinə doğru aparır. Əkm halda, Suriyadan başlanan böyük köçllə eyni zamanda kimə işlədiyi bilinməyən güclər tərəfindən Türkiyənin layihəni əhatə edən iki bölgəsində kanton elan edildi.
Suriyaya nəzarət edən silahlı qruplaşmalar
Bu addım həmin bölgələrin vətəndaş müharibəsi nəticəsində miqrasiya mənbəyinə çevrilməsi məqsədi ilə atılmışdı. Yəni ayıq davranmasa idi Türkiyə də Böyük Orta Şərq layihəsinin bir parçasına çevrilə bilərdi. Buna görə, indiyə kimi odla su arasında qalmış Ankara artıq məcburən tərəflərdən birini seçməli olacaq. /anspress/