İŞİD-ə görə Azərbaycan bu siyahıda ikincidir (VİDEO)
20.11.2015 1000 0.0 0

Son günlər dünya dövlətləri “İŞİD” terror qruplaşmasına qarşı mübarizə aparmaq üçün bütün səylərini birləşdirib. Dünyada terror təhlükəsinin artması Azərbaycanı da hərəkətə gətirib. Məlum olub ki, “İŞİD” terror qruplaşması Azərbaycan vasitəsilə pul köçürmələri həyata keçirir. 

Bunların qarşısını almaq üçün prezident İlham Əliyev “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunda dəyişikliklər edilməsi barədə” fərman imzalayıb.

ANS TV-nin məlumatına görə, Rusiya xüsusi xidmət orqanları Azərbaycandan “İŞİD” terror qruplaşmasına pul köçürmələrini qeydə alıb. “İzvestiya” qəzetinin məlumatına görə, “İŞİD”ə yardımın toplanılması əsasən sosial şəbəkələr, sürətli pul köçürmələri sistemləri üzərindən ötürülür. 

Araşdırmalar göstərib ki, pul vəsaitlərinin xeyli hissəsi “İŞİD”in nəzarətində olan münaqişə zonalarına yaxın ölkələrdə nağdləşdirilir. 

MDB ölkələrindən birinci yerdə Qazaxıstandır, ikinci Azərbaycandır, üçüncü yerdə isə Türkmənistan gəlir. 

Terrorçuların maliyyələşdirilməsi məsələsi Antalyada G20 sammiti çərçivəsində də gündəmə gəlmişdi, liderlərin birilk çağırışları fonunda, prezident İlham Əliyev də çıxışında terrorizmə qarşı mübarizədə Azərbaycanın beynəlxalq təşkilatlarla, dövlətlərə bir yerdə olduğunu vurğulamışdı. 

Bu səfərdən dərhal sonra dövlət başçısı “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanuna dəyişikliklər edilməsi barədə fərman imzalayıb. 

Qanunun qüvvəyə minməsindən sonra ölkədə qeyri-qanuni yolla əldə edlimiş aktivlər, pullar şübhə doğurduğu halda məhkəmə qərarı ilə dondurulacaq.

Millət vəkili Çingiz Qənizadə prezidentin terrorçuluğa qarşı imzaladığı fərmanı yüksək qiymətləndirdi: “Xüsusilə son hadisələr göstərdi ki, ölkədə əllərdə çoxlu sayda çirkli pullar var. Bu pullar sabah leqallaşdırıldıqdan sonra hansı məqsədlərə istifadə olunması şübhə yaradır. Çirkli pulu qazananların özləri çirkli adamlardır. Onlar hər cür hallara getməyə hazırdılar. Terrorçu təşkilatlara maliyyə yardımı göstərmək, onların fəaliyyətini genişləndirmək üçün addımlar ata bilərlər. Ona görə də bu qanun vaxtında imzalanmış bir qanundur”. 

Azərbaycan terrorla mübarizədə BMT-nin müvafiq konvensiyalarına qoşulub. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən dövlət orqanı isə Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətidir. 

Xidmət terrorla bağlılığı olan şəxslərin adlarını xüsusi siyahıya salaraq onlara maliyyə xidmətləri həyata keçirilməsinə sanksiya qoyub. Bu siyahı demək olar ki, hər gün yenilənir./anspress/
 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar