İŞİD-çi azərbaycanlıların sensasion etirafları: «İçimə cin girmişdi»
30.03.2015 809 0.0 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada Bəşər Əsədə qarşı döyüşlərdə iştirak etməkdə təqsirləndirilən dəstə üzvlərinin - Tural Həsənov, Elvin Əliyev, Fərid Muradov, Namiq Məmmədov, Tariyel Mustafayev və Ruslan Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hakim Ənvər Seyidov sədrlik etdiyi 
prosesə ittiham olunan İŞİD -çilər maraqlı ifadələr verib.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər “İraq və Şam İslam Dövləti” (İŞİD) adlı cinayətkar birliyin tərkibinə daxil olan Suriya Ərəb Respublakası ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində dini düşmənçilik zəminində iştirak ediblər.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 228.1, 12.1, 279.1-ci, 123, 214.2 və 28-ci maddələri ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxslərin istintaqa verdikləri ifadələri təqdim edirik:

“Bəşər Əsədə qarşı vuruşmaqda məqsədim şəhid olmaq idi”

İstintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilən Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Ruslan Mustafayev ifadəsində 2003-cü ildən bəri İslam dininin əhli-sünnə təriqəti üzrə ibadət etdiyini, özünə “Əbu İsmayıl” dini adı götürdüyünü, Azərbaycanda olarkən heç bir dini qruplaşmanın üzvü olmadığını və hər hansı şəxsə biət etmədiyini göstərib: “Suriyadakı hazırkı prezident Bəşər Əsədə qarşı “İraq və Şam İslam Dövləti“ adlı qruplaşmanın tərkibində döyüşən Omeyirlə “Ləzgi” məscidində tanış olmuşdum. Omeyir məni və Fariklə Ramini əvvəlcə Türkiyəyə, oradansa Suriyanın Artma şəhərinə getməyimiz barədə bizi məlumatlandırdı. Suriyaya getməkdə məqsədim Bəşər Əsədə və digər düşmən qüvvələrə qarşı aparılan döyüşlərdə iştirak etmək və şəhid olmaq istəyirdim.

2013-cü il, sentyabr ayının 5-də Ramin və Farukla birlikdə Türkiyənin Hatay vilayətinə getdik. Omeyrin tanışı Əbu Yusiflə görüşdük və onun bələdçiliyi ilə Suriyanın Artma şəhərinə getdik. Raminin atası xəstələndiyinə görə Azərbaycana qayıtdı. Əvvəlcə “Şəriət məhkəməsi” düşərgəsinə yerləşdirildik. Əslən azərbaycanlı olan Musab Azərinin rəhbərlik etdiyi qruplaşmada idik. Təxminən bir həftə orada qalandan sonra hərbi təlimlərdə iştirak etdik. Orada olarkən belə qərara gəldim ki, Azərbaycana qayıdıb ailə üzvlərimi də bura gətirim, qoy şəhid olana qədər burada yaşasınlar. Bu məqsədlə də 2013-cü il, oktyabr ayının 2-də Azərbaycana qayıtdım. Lakin ailə üzvlərim mənimlə Suriyaya getməkdən imtina etdilər.

17 fevral, 2014-cü ildə din qardaşım Elvir Əliyevlə birlikdə Türkiyəyə getmək üçün hava limanına gəldik. Pasport yoxlaması zamanı saxlanıldıq və MTN əməkdaşlarına təhvil verildik”.

“Vəzifəm mücahidlərə məxsus evləri qorumaq olub”

Əslən Qərbi Azərbaycanın Masis rayonundna olan Namiq Məmmədov istintaqa verdiyi ifadəsində 2010-cu ildən bəri İslam dininin əhli-sünnə təriqəti üzrə ibadət edtiyini, özünə “Əbu Hüseyn” dini adını götürdüyünü, din qardaşlarının ona bu cür müracitə etdiklərini göstərib: “2013-cü il, oktyabr ayının 1-də qonşum Tural Həsənovla birlikdə Türkiyənin Hatay vilayətinə, oradan da milliyyətcə kürd olan Həsən adlı şəxsin bələdçiliyi ilə Suriyanın Artma şəhərinə - Musab Azərinin rəhbərlik etdiyi camaatın yanına getdik. Orada azərbaycanlıların adları dəqiq yadımda qalmayıb və şəxsiyyətləri barədə heç bir məlumatım yoxdur.

İki gün orada qalandan sonra hərbi təlimlərə başladıq. Orada olarkən vəzifəm mücahidlərə məxsus evləri qorumaq olub. İki ay Harikanda qaldıqdan sonra 2013-cü ilin dekabr ayında Azərbaycana qayıtdım”.

Üç gün “Şəriət məhkəməsi”ndə...

Sumqayıt şəhər sakini, 1989-cu il təvəllüdlü Fərid Muradov istintaqa verdiyi ifadəsində 2013-cü ildən ibadətlə məşğul olduğunu, “İlahiyyət” məscidinə getdiyini, özünə “Faruk” dini ləqəbi götürdüyünü, heç bir dini icmanın və qruplaşmanın üzvü olmadığını göstərib: “Məsciddə dini adı “Omeyir” olan Fuad Ağayevlə tanış olmuşdum. Fuadın Bəşər Əsədə və digər kafir qüvvələrə qarşı İŞİD tərəfindən aparılan döyüşlərdə iştirak etdiyini bilirdim.

2013-cü ilin avqust ayında Fuada Suriyaya getmək arzusunda olduğumu dedim. O da cavabında köməklik edəcəyini, Türkiyədə və Suriyada olan mücahidlərlə yaxşı əlaqələri olduğunu bildirdi. Həmin görüş zamanı Fuadın yanına iki nəfər də gəlmişdi. Ruslan və Ramin adlı bu şəxslər də Suriyaya getmək istəyirdilər.

Sentyabr ayının 5-də Türkiyəyə getdik. Suriyaya keçib üç gün “Şəriət məhkəməsi” düşərgəsində qaldıqdan sonra Xalid adlı şəxsin rəhbərlik etdiyi qruplaşmaya daxil oldum. Bu qruplaşma İŞİD-in tərkibində idi. Hər hansı təlimdə, ya da döyüşlərdə iştirak etməmişəm. Əsas vəzifəm döyüşən mücahidlərə məişət işlərində köməklik göstərmək olub.

Qruplaşmada hamının silahı var idi. Amma mən yeni getdiyimə görə döyüşlərə buraxılmırdım”.

Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Tural Həsənov istintaqa verdiyi ifadəsində 2011-ci ildən ibadətlə məşğul olduğunu, özünə “Aburrauf” dini adı götürdüyünü göstərib: “Tanışlarım Əbu Hüseyn və Əbu Yusif Suriyada Bəşər Əsədə qarşı döyüşlərdə iştirak edirdilər. Hətta Əbu Yusif döyüşdə şəhid olmuşdu. 

2013-cü il sentyabr ayının sonlarında Əbu Yusiflə görüşəndə Suriyada kafirlərə qarşı aparılan əməliyyatlarda iştirak etməyin vacib olduğunu buyurdu, mənim də iştirak etməyimi məsləhət gördü. Əbu Yusifin məsləhəti ilə Suriyaya getmək qərarına gəldim.

2013-cü ilin sentyabr ayında Namiq Məmmədovla görüşüb fikrimi ona da dedim, birlikdə Suriyaya getməyi təklif etdim. Ümumi razılığa gələndən sonra oktyabrın 1-də təyyarə ilə Türkiyəyə yola düşdük. Əbu Yusifin mənə verdiyi telefon nömrəsinə zəng vurub Hasan adlı şəxlə əlaqə saxladıq. Hasan bizi qaçaq yolla Suriyaya keçirdi. Bunun müqabilində ona 80 türk lirəsi pul verdik.

Sərhədi keçəndən sonra milliyyətcə ərəb olan tanımadığımız şəxsin maşını ilə azərbaycanlı döyüşçülər olan “Şəriət məhkəməsi” adlanan düşərgəyə getdik. İki gün orada qaldıq. Düşərgənin rəhbəri Xalid dayı bizi hazırda dünyasını dəyişmiş Musabın rəhbərlik edtiyi düşərgəyə göndərdi.

Həmin düşərgədə çoxlu sayda azərbaycanlılar vardı. Orada olduğum müddətdə heç bir döyüş tapşırıqlarında iştirak etməmişəm. Suriyaya getməkdə məqsədim tibbi təhsilim olmasa da insanlara tibbi yardım, köməklik göstərmək olub”.

“Məni əsir götürdülər, zindana saldılar”

Sumqayıt şəhər sakini, 1986-cı il təvəllüdlü Elvin Əliyev ifadəsində 2013-cü ildən ibadətlə məşğul olduğunu, Müşfiqabad qəsəbəsindəki məsciddə mütəmadi olaraq namaz qıldığını, özünə “Abdulhakim” dini adını götürdüyünü göstərib: “Bacımın yoldaşı, dini adı “Abuzeyd” olan Nemət Nəcəfquliyev 2013-cü ilin iyul ayından Suriya ərazisindəki döyüşlərdə iştirak edirdi. Həmin ilin avqust ayında avtobusla Türkiyəyə, oradan da Hatay vilayətinə getdim.

Hatayda məni yeznəm qarşıladı, birlikdə qaçaq yolla Suriyaya keçdik. Əvvəlcə məni İŞİD-in nəzarətində olan Dartu İzzə şəhərindəki “Şeyx Süleyman” yaşayış düşərgəsinə apardı. Həmin düşərgəyə əslən azərbaycanlı olan Əbu Hamza rəhbərlik edirdi. Oradakı mücahidlərin əmiri Əbu Hamza idi.

Düşərgəyə yeni gələn mücahidlər hərbi təlimlərə cəlb edilirdi. Suriyada olan bütün mücahidlər bir-birinə öz adları ilə deyil, sonradan götürdükləri dini adlarla müraciət edirdilər. Ona görə də oradakı azərbaycanlıların ad və soyadını bilmirəm.

Həmin ərəfədə xəstələndiyim üçün hərbi əməliyyatlara cəlb olunmadım. Beş ay Haritanda qaldım. 2014-cü ilin yanvar ayında Haritan şəhərinə “Livai Tövhid” qruplaşmasının silahlı basqını zamanı əsir götürüldüm. Avtomat silahımı, 150 dollar pulumu və digər əşyalarımı müsadirə etdilər, zindana saldılar. 20 gün zindanda qaldım. Məni əsir götürənlərə İŞİD üzvü olmadığıma inandırdım, özümü “Muhacirun” qruplaşmasının üzvü kimi təqdim etdim. Bundan sonra məni əsirlikdən azad etdilər”.

“Bədənimə 500 yaşı olan cin girmişdi”

Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Tariyel Mustafayev istintaq zamanı ona elan olunmuş ittihamlarla özünü təqsirli bilməyib. O, ifadəsində il yarımdır bədəninə 500 yaşı olan Aişə adlı cinin girdiyini, bu cini çıxarmaq üçün Suriyaya getdiyini, orada müalicə olunduğunu göstərib. O, iş üzrə təqsirləndirilən şəxslərin heç birini tanımadığını, onlarla heç bir əlaqəsinin olmadığını deyib.

“Radikallaşdığı üçün oğlumu evdən qovduq”

Maraqlı ifadələrdən biri də təqsirləndirilən Elvin Əliyevin anası Mənsurə Əliyevaya məxsusdur. O, istintaqa deyib ki, oğlu Elvin 2012-ci ildən ibadətə başlayıb. Bir valideyn kimi buna sevinsə də sonra peşman olub: “Hiss etdim ki, Elvində radikallaşma gedir. Bu səbəbdən də atası onu evdən qovdu. 2013-cü ilin yay aylarının birində eşitdim ki, Elvin Suriyaya gedib, orada dindarlara qoşulub. Ötən ilin yanvar ayında isə eşitdim ki, Suriyadan qayıdıb. Oğlum qayıtsa da qızımın ibadətlə məşğul olan əri Nemət Nəcəfquliyev hələ də Suriyadadır. O, Elvindən qabaq getmişdi”.

İbtidai istintaqa verilmiş ifadələrdə maraqlı ifadələr çoxdur. Təqsirləndirilən şəxslər özlərinə götürdükləri ləqəblərdən, Suriyadakı fəaliyyətlərindən, əldə etdikləri döyüş silahlarından geninə-boluna danışıblar. Onlar Raqqa şəhərində qanunsuz silahlı birləşmələrə qoşularaq radikal dini və hərbi təlimlər keçdiklərini etiraf ediblər. Təlimlərdən sonra bölgü əsasında “Azəri camaatı” və digər silahlı dəstələrin tərkibinə daxil olublar. İŞİD tərkibində müxtəlib yerlərdə, əsasən də İraqdakı hərbi əməliyyatlarda iştirak ediblər. Məhkəmə qarşısına çıxarılan azərbaycanlılar arasında İŞİD tərkibində İraqdakı hərbi əməliyyatlarda yaralananlar da var.

Qeyd edək ki, ittiham aktında tez-tez adı hallanan “Ləzgi” məscidinin imamı da hazırda həbsdədir. Onun MTN-də saxlandığı bildirilir.

Məhkəmə baxışı aprelin 6-sı saat 10:30-da keçiriləcək.
/Virtualaz.org/

 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar