Bu gün Radikal terror qruplaşması olan İslam Dövləti (İŞİD) təşkilatı ABŞ-a sərt ismarıc göndərib. Qruplaşma üzvləri növbəti hədəflərinin ABŞ olacağını bəyan edib.
Qruplaşmanın sözçüsü olduğu bildirilən Əbu Musa adlı şəxs “Vice News”-a göndərdiyi müraciətdə ABŞ ərazilərinə daxil olacaqlarını bəyan edib: “Üzümü Amerikaya tutub deyirəm ki, artıq İslam Dövləti yaranıb.Qorxaqlıq edərək bizə pilotsuz təyyarələrinizlə hücum etməyin. Bacarırsınızsa İraqda rüsvay etdiyimiz əsgərlərinizi üzərimizə göndərin. Allahın izniylə biz onları hər yerdə rüsvay edəcəyik və bayrağımızı Ağ Evdə sancacağıq.”
Xatırladaq ki, İslam Dövlətinin (İŞİD) üzvlərinin İraqda qazandıqları bəzi uğurlara cavab olaraq ABŞ prezidenti Barak Obama qruplaşmanın mövqelərinə hava zərbələri endirilməsi barədə qərar verib. Bununla Ağ Ev İraqın şimalında yaşayan xristian azlıqları və yezidi kürdləri İŞİD təhlükəsindən qoruyacağını əsas gətirib.
Məlumat üçün bildirək ki, bu gün İraq Kürdüstanının mərkəzi şəhəri olan Ərbil yaxınlığındakı İslam Dövləti (İŞİD) –in hərbi mövqelərinə ABŞ qırıcı təyyarələri tərəfindən hava zərbələri endirilib.//İnter.az