İsa peyğəmbər Xristianlığın mərkəzi fiquru sayılır. İsanın həyatı haqqında əsas mənbələr İncil və Əhdi-Cədid kitabları sayılır. Onun şəxsiyyəti və həyatı həm akademik, həm də məişət səviyyəsində mübahisələrə yol açır. Bəzi dairələrdə isə hətta İsanın mövcud olub-olmadığı, onun sosial mövqeyi barədə diskussiyalar aparılır. Teoloqlar üçün İsa gözlənilən Məsih, apokalipsik hərəkatın lideri, səyyar müdrik, müstəqil dini hərəkatın banisidir.
Bu gün sizə İsa Peyğəmbərin ailəsi, övladları və həyatı barədə araşdırmanı təqdim edirik:
Ortodoksal iudaizm İsanı nə Peyğəmbər, nə də Məsih kimi qəbul etmir. İslam dini İsa barədə müqəddəs Kitabında bəhs edir. İsa, Tanrının insanlara göndərdiyi əsas Peyğəmbərlərdən biridir. İslama görə İsa möcüzələr göstərən bir şəxsdir və ona Kitab verilib. Amma İslam dini İsanı Tanrının oğlu saymır və onu ilahiləşdirmir.
Bir çox iddialara görə, İsa evlənməyib. Bəzi tarixçilər isə bunun əksini söyləyərək, günümüzdə də İsanın nəslindən gələn insanların yaşadığını iddia edirlər. Bu səbəbdən bu gün də İsanın ailə qurduğu və övlad sahibi olduğu barədə sual cavabsız qalıb. Məsələn, Kilsənin yepiskop rütbəli keşişləri İsanın evlənmə faktını inkar edirlər. Amma eyni zamanda kilsə mənsubları cəmiyyətdə Xilaskarın ailəsi barədə diskussiyaları aradan qaldırmaq üçün kifayət qədər cəhd göstərirlər.
Amerika versiyası-Karen Kinq və qədim papirus
Bəzi ilahiyyatçı alimlər müəyyən araşdırmalar apararaq nəticələr əldə ediblər. Məsələn, Harvardlı ilahiyyat alimi professor Karen Kinq şəxsi kolleksiyaların birində qədim papirus tapır. Papirusun tədqiqatından sonra professor nəticələri bəyan edir. Papirus 8 sətirdən ibarət kopt yazısıdır. Çox güman ki, bu papirus İncildən bir fraqment idi. Yazılarda İsa Peyğəmbərin arvadı barədə danışılırdı: “İsa onlara dedi: Bu mənim arvadımdır”.”. Bundan başqa Xilaskarın evli olduğunu sübut edən faktlar çoxdur. Bu məlumatlar Vatikanın rəsmi versiyasını alt-üst edir.
Müqəddəs Kitabın fərqli versiyaları
Mütəxəssislər bilir ki, İncilin bir neçə versiyası var. Onlardan bəzisi kilsə tərəfindən məhv edilib. Xilaskarın şəxsi həyatı barədə məlumatları küfr elan edən kilsə iyerarxları yenə də bu məlumatlardan qurtula bilmədilər. Kilsə tərəfindən 4 İncil versiyası qanuni elan edilib. Digərlərini oxumaq məsləhət görülmür. Kilsə tərəfindən Mariya, Foma və Filipp tərəfindən qələmə alınmış mətnlər saxta elan edilib. Adıçəkilən nüsxələr İoann, Mark, Matfey və Luki nüsxələrindən sonra yazılsa da, bu fakt onlara etibarsız yanaşmaq üçün əsas vermir.
Qeyd etmək lazımdır ki, İsanın ailə həyatı barədə məlumat İncil mətnlərinə qəsdən, bilərəkdən əlavə edilməyib. Bundan başqa, müqəddəs mətnlərin erkən xristian müəllifləri də bir neçə dəfə “İsanın həyat yoldaşı” sözündən istifadə ediblər. Hətta Kilsə tərəfindən qəbul edilmiş İncil mətninə də diqqətlə nəzər yetirəndə, belə bir fakta rast gəlmək mümkündür: “Tanrının Oğlu dirildikdən sonra hamıdan birinci Mariya Maqdalinanın yanına yollandı”. Çox gümanki İsa onun üçün yaxın olmayan, daha doğrusu həyat yoldaşı olmayan sadə bir xanımın yanına yollanmazdı (Mariya Maqdalina əvvəllər əxlaqsız qadın olsa da, sonradan mömin bəndəyə çevrilib). Əgər o dövrün adətlərini yada salsaq, anlayaraq ki, ərdə olmayan qadının Peyğəmbərin tələbələri arasında olması mümkün deyildi. Kilsə tərəfindən saxta sayılan Filipin qələmə aldığı İncilə görə, İsanın tələbələri Mariyanı qısqanmağa başladılar. Çünki müəllimləri ona xüsusi diqqət yetirirdi. Xüsusən də İsanın Mariyanın dodaqlarını öpməsi tələbələri qıcıqlandırırdı. Əgər bu belədirsə, çətin ki, Mariya İsanın adi tərəfdaşlarından biri olub. Çox güman ki, o, Peyğəmbərin arvadı olub. Yuxarıdakı faktların həqiqət olduğunu düşünsək, son versiyanın reallığa daha uyğun olduğunu qəbul etmək lazımdır.
Bundan əlavə, İsanın tələbələri tərəfindən müşahidə edilən bir mərasimin təsviri də var- Mariya Maqdalina Xilaskarın ayaqlarını yuyaraq onları öz saçı ilə qurudub. Bu isə, qədim ənənələrə görə, toy rituallarından biri sayılırdı. Nikah mərasiminə işarə edən dolayı faktlardan biri də İsanın anası ilə stolda çaxırın az olması ilə bağlı olan söhbətidir. Məhz bu zaman Peyğəmbər suyu çaxıra çevirərək qonaqlarını heyran edib.
Eyni zamanda İsanın ailə həyatına müsbət yanaşdığı faktı da məlumdur. Lukinin qələmə aldığı İncildə belə bir hissə var: “Bəyəm siz oxumamısınız ki, Yaradan əvvəlcə kişini və qadını yaradıb? Qoy kişi anasını və atasını tərk edərək həyat yoldaşına yapışsın, bir cismdə iki ruh olsun”. Qeyd etmək yerinə düşər ki, qədim yəhudi adətinə görə, evlənməyən kişi müəllim ola bilməzdi. Qanunda belə deyilir: “Evlənməyən kişi digərlərini öyrədə bilməz”.
İsa Süleyman Peyğəmbərin soyundan gəlir
Tarixçilər əminliklə iddia edirlər ki, İsanın ulubabası qədim yəhudi padşahı Davud və Süleyman olub. Bu səbəbdən İsanın çarmıxa çəkildiyi xaçın üzərinə yazılmış “İuda çarı” sözü təhqir yox, faktın təsdiq edilməsi idi.
Çox güman ki, Məsihin cəlladlarının kobud və qəddar davranışı elə onun Qüds taxtına olan qanuni mirsah hüququ ilə əlaqəli idi. Qeyd etmək lazımdır ki, Qüds əhalisi üçün İsa tanınmış nəsildən, tayfadan olsa da qərib və yad sayılırdı. Qüds sakini olan və knyaz nəslinin davamçısı sayılan Mariya Maqdalina ilə evlənən İsa və onun varisləri elə bu şəhərdə önəmli siyasi fiqura çevrildilər. Foma və Filipin qələmə aldığı İncildə İsanın övladları barədə söhbət açılır. Əri edam edildikdən sonra dul qalan Mariya Maqdalina övladları ilə birlikdə İudeyanı tərk edir. Şahidlərin söylədiyinə görə, məhz Mariya Maqdalina özü ilə Müqəddəs Qədəhi də aparır. Sonralar bu Qədəh xristianlığın ən şərəfli tütyəsinə çevrilir.
"Müqəddəs tapmaca"
Bu barədə M.Baycent, R.Leya və Q.Linkolnun "Müqəddəs tapmaca" əsərində də məlumat verilib. Bu tədqiqatçıların fikrinə görə, İsanın Maqdalinaya xüsusi münasibətinin çox sadə səbəbi var idi. Mariya İsanın arvadı olub.
Müəllifin fikrinə görə, Mariya Maqdalina İsanın arvadı olub. O, bu fikrini Fransanın cənubunda Mariyaya olan hörmətlə əsaslandırır. Burada Maqdalinanın şərəfinə kilsə inşa edilib. Şartr məbədi "Notr Dam"a həsr edilib. Notr dam fransız dilindən tərcümədə bizim xanım, bizim sahibəmiz mənasını verir. Əsasən bu söz İsanın anası Məryəmə xitabən işlənir. Böyük Paris kilsəsi də Notr Damın şərəfinə ucaldılıb. Amma Fransanın cənubunda Məryəm yox, Mariya Maqdalina daha çox hörmətlə yad edilir. Aydın olub ki, Paris və onun ətrafındakı bir çox məbəd Maqdalinanın şərəfinə ucaldılıb.
Digər versiya
Erkən xristianlıq üzrə mütəxəssis, Oksford universitetinin professoru Geza Vermeş yazır: "İncildə İsanın ailə vəziyyəti barədə məlumat yoxdur. Burada söhbət qədim yəhudi dünyasından gedir və bu dünya xüsusi tədqiqata ehtiyac duyur. Çünki İncilə görə, İsanın bəzi həvariləri, məsələn, Pyotr evli idi. Qədim yəhudi adətinə görə isə, nikah hər bir kişi üçün vacib idi. Bundan əlavə, nikahsızlıq cəmiyyət tərəfindən mənfi qarşılanırdı. Hətta 1-ci əsrin sonunda yaşamış bir yəhudi yazıçı evlənmədiyi üçün qətlə yetirilib.
İspan jurnalistin versiyası
1970-ci illərdə rəssam İlya Sergeyeviç Qlazunov İspaniyadan 1976-cı ildə nəşr edilmiş "Jesús vivió y murió en Cachemira" kitabını gətirir. Kitabın müəllifi Andreas Faber-Kayzerdir. Bu kitabda Kəşmir şəhərində olan bir məbəddə lentə alınmış foto onun diqqətini cəlb edir. İlya bu fotonu alim dostuna verərək, incələməsini istəyir.
Kitabda ispan jurnalist-yazıçı arvadı ilə Srinaqara səyahət edib və İsanın Hindistan, Ladakx və Tibetdə kimi dövlətlərdə olduğunu iddia edir. Srinaqarda yerləşən Rozabal məbədində İsanın tabutu jurnalist tərəfindən incələnib. Onun iddiasına görə, tabutda Xilaskarın qalıqları və ayaq izləri var. Burada Andreas İsanın nəslinin davamçıları ilə tanış olub. Kəşmirdə bu iki şəxs çox böyük hörmətə malikdir. Söhbət İsanın davamçıları olduğu iddia edilən bir general və bir şairdən gedir.
İsa qədim Hindistan mənbələrində
Qədim Hind əlyazmalarına əsasən, İsa gənclik dövründə bir neçə il İndostanın dağ və mağaralarında yaşayıb. Sonra isə Fələstinə qayıdıb. Burada olduğu müddət ərzində indus və buddistlərdən çox şey öyrənib. Qədim əlyazmalara əsasən, İsa çarmıxa çəkilərək ölməyib. O, dirilərək Srinaqar yaxınlığında bir kəndə yerləşib və yaşamağa başlayıb. Ömrünün son illərində Kəşmirli bir qadınla ailə həyatı qurub və oğul-uşaq sahibi olub. İsa, 100 yaşında dünyasını dəyişib.
Kəşmir İslamı qəbul edəndə yerli əhali tərəfindən Bəni İsrail tayfasından olan Yuz Asaf və ya İsa Sahib kimi tanınan İsa Peyğəmbər müsəlmanlar tərəfindən də hörmətlə anılmağa başlandı. Qeyd etmək lazımdır ki, müsəlmanların müqəddəs kitabı "Quran"da da İsa Peyğəmbərə xüsusi yer verilib.
Rus versiyası
Rusiyalı zabit Nikolay Notoviç 1887-ci illərdə Hindistana səfər zamanı "Ximis" monastrında olub. O, bu məbəddə tapdığı qədim əlyazma əsasında "İsanın gizli həyatı" kitabını yazıb və bu kitab 1894-cü ildə fransız dilində nəşr edilib. Hal-hazırda bu kitab Moskvanın "Lenin" kitabxanasında saxlanılır.
İsanın ailəsi Fransanın cənubuna köçüb?
Bəzi mənbələrə görə, İsanın ailəsi Fransanın cənubuna köçərək, burada yerləşən yəhudi icmalarından birində yaşayır. Henri Linkoln və Riçard Ley adlı tədqiqatçılar Fransada mövcud olan əfsanə və rəvayətləri nəzərdən keçiriblər. Sonradan “Müqəddəs tapmaca” kitabı işıq üzü görür. Kitabın müəllifləri Müqəddəs Qədəhin albiqoyeslərdə (Fransanın cənubunda fəaliyyət göstərən xristianlığa aid dini cərəyan) olduğunu qeyd edirlər. Bundan başqa, Mariya Maqdalinanın şərəfinə inşa edilmiş kilsə və məbədlərin əksəriyyəti Fransanın cənubunda yerləşir.
Merovinqlər sülaləsi-İsanın övladları
Fransanın ən qədim ailələrindən sayılan senyor de Trankavellərin ailəvi rəvayəti bu günə qədər də saxlanılıb. Onlar Merovinqlər sülaləsinə mənsubdurlar. De Trankavel əmindir ki, sülaləsini öz adı ilə adlandıran əfsanəvi Merovey Mariya Maqdalina və İsanın nəslinə mənsubdur. Merovinqlər sülaləsinin bütün sələflərinin uzun saçı, xaçşəkilli xalı var idi. Tanrı ilə ünsiyyət qurmaq üçün onların hər birinin başında kəsik var idi (belə bir kəsik İsa Peyğəmbərdə də var idi). Bu günə qədər də Merovinqlərin sehrbaz olduqları barədə söhbətlər dolaşır. Onlar suyu çaxıra çevirir, ağır xəstələri müalicə edə bilirdilər. Maraqlı faktlardan biri də budur ki, Merovinqlər sülaləsindən olan Qotfrid Bulyonskiy Qüdsə təşkil edilən xaç yürüşündə iştirak edib. Qüdsə daxil olan səlib qoşunu Qotfridə krallıq təklif edir. Amma Bulyonskiy İsanın edam edildiyi şəhərdə taxt-tac sahibi olmaq istəmədiyini bəyan edir.
Eyni zamanda, Merovinqlər 480-ci ildə Roma Kilsəsini vestqotlardan xilas edirlər. Vestqotlar Roma hakimiyyətini zəiflədir və xristian məbədlərini dağıdırdılar. Kilsənin taleyi tükdən asılı idi. Belə bir vəziyyətdə Roma papası gözlənilməz və uzaqgörən bir qərar qəbul edir. Merovinqlərin mənşəyini bilən Papa, frankların kralı I Holdviqlə (Merovinqlər sülaləsindən idi) müqavilə imzalayır. Müqaviləyə əsasən, Holdviq katolik xristianlığı qəbul etməli idi. Kilsə isə onu Yeni Konstantin elan edərək, Roma imperiyasına məxsus bütün torpaqların idarəçiliyini tapşırırdı. Avtomatik olaraq Roma katolik Kilsəsi əsas Avropa Kilsəsi statusunu əldə edirdi. Merovinqlə klanı isə, qədim Romanın xarabalıqları üzərində bərpa edilən Müqəddəs Roma İmperiyası imperatorları statusunu əldə edirdi. Franklar xristianlığı qəbul etdilər. Yeni Konstantin Romanın düşmənləri ilə mübarizəyə atılır. 507-ci ildə Buye yaxınlığında baş tutan döyüşdə Holdviq vestqotları darmadağın edərək Karkasson və Tuluzanı azad edir. I Holdviq 511-ci ildə dünyasını dəyişir. Onun imperiyası oğlanları arasında dörd hissəyə bölünür. Merovinqlər demək olar ki bir əsrdən çox bütün Avropanı idarə ediblər. Amma Merovinqlər çox dəhşətli bir səhvə yol vermişdilər-onlar imperiyanı adminstrator-majordomorların əli ilə idarə edirdilər. Bu səbəbdən xalq Merovinqləri “tənbəl krallar” adlandırmışdı. İdarəetmə prosesinə belə bir yanaşma bütün sülalənin faciəsi ilə nəticələnir. Katolik Kilsəsi və Merovinqlər arasında yaranan uçurum, Merovinqlərdən sayılan II Daqobertin xaincəsinə qətlə yetirilməsindən sonra dərinləşir.
Daqovertin həyatı çətin olub. 15 yaşında majordomlar tərəfindən oğurlanaraq İrlandiyaya göndərilib. 15 il sonra vestqot şahzadəsi Gizele ilə evlənib. Vestqotların əhatəsində yaşayan Merovinqin nümayəndəsi Tanrı ilə əlaqədə Kilsənin rolunu qəbul etməyən vestqot ideyasına inanmağa başlayır. 674-cü ildə vərəsəlik hüququna əsasən, II Daqobert taxta çıxır. Krallığı möhkəmləndirmək üçün onun çoxsaylı planları var idi. Amma onu xaincəsinə ov vaxtı qətlə yetirirlər. Qatil kralın bütün ailəsini qırmağı planlaşdırmışdı. Amma kralın bacısı qardaşı oğlu IV Siqiberti anasının qohumlarının yanına, Razesə yola salmışdı. Bu səbəbdən oğlanı Plant-Ar adlandırmağa başlayırlar ki, bu da qızğın qaçış mənasını verirdi. Kilsə II Daqobertin qatilinə bəraət verir. Bu andan etibarən iudeylər çarı sülaləsi ilə katolik kilsəsi arasında qarşıdurma başlayır.
741-ci ildə Merovinqlər sülaləsinin taxtı Karl Martelin oğlu Qısa Pepin tərəfindən zəbt edilir. Taxt-tacın yeni sahibi öz sülaləsini atasının şərəfinə Karolinqlər adlandırır.
Amma Merovinqlərin də votçinası (mülk, malikanə) qalmışdı. Razes şəhəri ətrafında Merovinqlər sülaləsinin idarəçiliyi altında kiçik müstəqil dövlət yaranmağa başlayır. Karolinqlər bu dövləti tanısalar da, Kilsə bu dövlətin mövcudiyyəti barədə heç bir məlumata sahib olmadığı təsəvvürünü yaradır. Kilsə saxtakarlıq edərək saxta Konstantin elan edir. Bu qərara əsasən, Pepin nəinki Merovinqlərin Roma İmperatorluğuna məxsus bütün hüquqlarını və var-dövlətini əldə edir, eyni zamanda kralları təyin etmək hüququna da qovuşur. Roma İmperiyası taxtına təyin edilən Qısa Pepin anlayırdı ki, bu mövqeyi qanunsuz olaraq əldə edib. Çünki Roma İmperiyası taxt-tacına ancaq Merovinqlər sülaləsindən olan şəxs çıxa bilərdi. Bu satqınlığı ört-basdır etməyə çalışan Karolinqlər Merovinqlərdən olan şahzadə qızlarla evlənməyə başlayırlar. Karolinqlərin növbəti davamçıları ana xətti ilə Merovinqlərə məxsus idi.
928-ci ildə Merovinqlərin davamçısı sayılan Qodfrua Bulyonskiy Sion ordenini qurur. Ordenin əsas hədəfi İsanın çarmıxda ölmədiyini sübut etmək idi. Merovinqlərin məqsədi katolik kilsəsini satqınlığına görə cəzalandırmaq idi. Əgər Sion ordeni İsanın dünyəvi mahiyyətini elan etsə, Kilsə əhəmiyyətini itirəcək və lazımsız olacaqdı. Sion ordeni günümüzdə də fəaliyyət göstərir.
Orden bəşəriyyət tarixinin ən müəmmalı sirlərinin mənbəyinə çevrildi. Merovinqlər Müqəddəs Şəhəri müsəlmanlardan azad etmək üçün Səlib yürüşü təşkil etdilər. 1099-cu ildə Qüds xristianlara təhvil verildi. İsrail padşahları isə 1000 ildən sonra qanuni yerlərinə qayıtdılar.
Merovinqlər Sion dağında yaxşı möhkəmləndirilmiş abbatlıq- Notr-Dam-dyu-Mon-de Sionu inşa etmək əmrini verirlər. Bu abbatlıq Sion ordeninin əsas bazasına çevrilir. Merovinqlər sülalənin vətənə qayıtmağında Qodfru Bulyonskinin rolunu dəyərləndirərək ona Qüds krallığını təklif edirlər. Qodfru isə bu vəzifədən qardaşı I Boduen xeyrinə imtina edir.
Bəşəriyyət tarixinin ən müəmmalı səhifələrindən biri də İsanın kasıb cəngavərləri ordenidir (tamplierlər). Tamplierlər Sion Ordeninin böyük magistrı Quqo de Peyn tərəfindən qurulub. Tamplierlər odeni Fələstin yolları ilə hərəkət edən xristian zəvvarlara kömək məqsədi ilə qurulmuşdu. Amma tamplierlər Fələstin yollarını qorumaqdan çox, Sion Ordeni üçün Formal Dəlilin axtarışı ilə məşğul idilər. Tapılan Dəlil Merovinqlər tərəfindən Renn-le Şatoda (keçmiş Razes) gizlədilib. Elə burada Merovinqlərin bütün xəzinəsi də saxlanılır. Kilsə tamplierlər ordenini tanımaq barədə qərar qəbul edir.
Tamplierlər ordeni güc və hakimiyyət əldə edərək kifayət qədər varlanır. 1146-cı ildən Tamplierlərin plaşında Merovinqlərin işarəsi- qırmızı xaç peyda olur. Bir müddət Sion və Tamplierlər ordeni böyük magistr Bertran de Blanşfor tərəfindən idarə edilməyə başlanır. Təşkilatlar birləşir. Bertran de Blanşfor 1156-cı ildə alman şaxtaçılarını bir yerə toplayır. Şaxtaçılar isə onun əmrinə uyğun olaraq tərk edilmiş şaxtalarda yeraltı məbədlər inşa edirlər. Məhz Blanşforun rəhbərliyi ilə tamplierlər ordeni dünya dövlətlərinin siyasətinə yüksək səviyyədə müdaxilə edən çox güclü bir təşkilata çevrilir. Amma cah-calal və geniş imkanlar Ordeni məhv edir. Qüds kralı IV Boudenin ölümündən sonra tamplierlər müsəlmanlarla olan sülhü pozurlar və iki gün sonra müsəlman ordusu şəhərə daxil olur. Tamplierlər Fransaya qayıdırlar. Sion Ordeni və Məbəd Ordeni arasında parçalanma başlayır. Sion Ordenində köklü dəyişiklər edilir. Onlar Müqəddəs Qədəh haqqında məlumatların sızmasına imkan yaradırlar ki, Ordenin əsas sirrini qorusunlar.
Avropanın sonrakı tarixi Sion Ordeni üzvlərinin bütün Avropa dövlətlərində hakimiyyətin yüksək eşalonuna soxulma cəhdi, Merovinqlər sülaləsi nümayəndələrini taxta qaytarma istəyi və Katolik Kilsəsinin təməlini sarsıtma hərəkətləri ilə yadda qalıb.
Kilsə də öz növbəsində Sion rəhbərliyini aradan götürmək üçün tədbirlərə əl atır. 1208-ci ildə Papanın müvəkkili Pyer de Kastelno qətlə yetirilir. Bu isə Kilsə üçün əla fürsət idi. 30 minlik xaçlı ordusu albiqoy səlib yürüşünə çıxır. Bu ordu qəddar qatillərdən təşkil edilmişdi. Onlar qarşısına çıxan hər şeyi məhv edirdilər. Papa III İnnokentinin müvəkkili : “Hər kəsi öldürün. Tanrı sizin günahlarınızı bağışlayacaq!” deyə fərman da vermişdi. Merolinqlərin əsas təbərüklərinin saxlandığı Monseqyür qəsrinin səlibçilər tərəfindən işğal edilməsi bu hadisələrin ən məhşur epizodu sayılır. 1243-cü il 16 mart tarixində Monseqyür qəsrinin işğalından bir neçə saat əvvəl 4 nəfər sülalə üzvü xəzinəni çıxara bilirlər. Qəsrin digər müdafiəçiləri səlibçilər tərəfindən tonqalda yandırılır.
Avstriya kralı III Henri tamplierləri əmlak müsadirəsi ilə təhdid etsə də aldığı cavab bu olur: “Ədalətli olduğun müddət ərzində kralsan, əgər ədalət qanunlarını pozsan, krallığın ləğv ediləcək!”. Bu cavab kralın xoşuna gəlmir və 1307-ci il 13 oktyabr tarixində Fransa kralı Yaraşıqlı Filipin əmri ilə bütün tamplierlər həbs edilir və onların əmlakı müsadirə edilir. 1314-cü ildə sonuncu böyük magistr Jak de Mole tonqalda yandırılır. Amma tamplierlərin mifik xəzinəsi tapılmır.
Bir əfsanəyə görə, müqəddəs Remiqiy Merovinqlər sülaləsinin nümayəndəsi Holdviqi xaç suyuna çəkəndə bu sülalə hakimiyyətinin Qiyamətə qədər davam edəcəyini bildirib. Deyəsən, Remiqiy haqlı imiş. Çünki Fransanın demək olar ki bütün kralları Merovinqlər sülaləsinin davamçılarıdır. Eyni zamanda İspaniyanın Burbonları da bu siyahıya daxildir. Rusiya çarlarından İvan Qroznı və Romanovlar sülaləsinin nümayəndələri də Holdviqin törəmələri sayılır.
İsanın nəslinin davamçıları sualı uzun müddət beyinlərdə dolanacaq. Bu gün müasir tarix Xilaskarın ailəsi haqqında az da olsa məlumata sahibdir. Bu məlumatlar bir qrup tarixçinin iddiasıdır. Məlumatların doğru və ya yanlış olduğunu isə aparılan araşdırmaların nəticəsi göstərəcək./olke.az/