Dövlət Gömrük Komitəsinin (DGK) bu ilin əvvəlindən tətbiq etdiyi yenilik ölkəyə mal gətirən fiziki şəxslərin işini xeyli asanlaşdırıb.
Məlumata görə, Dövlət Gömrük Komitəsi tərəfindən "Fiziki şəxslər üçün sadələşdirilmiş bəyannamə” xidməti elektronlaşdırılaraq ”Elektron hökumət” portalına inteqrasiya edilib.
DGK-nin yaydığı məlumatda bildirilir ki, bununla da komitənin "E-hökumət” portalı üzərindən göstərdiyi elektron xidmətlərin sayı 9-a çatdırılıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (RYTN) isə ölkəyə mal gətirən fiziki şəxsin bu proseduru necə yerinə yetirəcəyi təsvir edilib. RYTN-in məlumatına görə, vətəndaş Azərbaycan Respublikasının gömrük sərhədlərindən keçirdiyi mal və nəqliyyat vasitələrini bəyan etmək üçün elektron gömrük xidmətlərinin bəhs edilən xidmətlərə aid bölməsindən istifadə etməlidir.
Bunun üçün vətəndaş e-gov.az portalına daxil olaraq elektron xidmətlərin içərisindən Dövlət Gömrük Komitəsinin təqdim etdiyi "Fiziki şəxslər üçün sadələşdirilmiş bəyannamə”ni seçib, gömrük bəyannaməsini doldurub, çap edib, sərhəddəki gömrük əməkdaşına təqdim etməlidir. "Vətəndaş elektron gömrük xidmətlərinin bu bölməsindən istifadə etməklə vaxtına qənaət edəcək", - deyə RYTN-in məlumatında vurğulanır.
Ramil Osmanlı - Əmlak Ekspert Mərkəzinin rəhbəri
Təbii ki, gömrük sərhədlərindən keçirilən malın bəyan edilməsi prosesinin elektron təşkili bu sahədə işin operativliyinə və növbələrin azalmasına müsbət təsir göstərəcək. Həmçinin fiziki şəxslərin broker xidmətlərindən yan keçərək gömrük rəsmiləşdirməsini daha sürətli həyata keçirməsinə imkan yaradacaq.
Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı bu məsələnin ölkəyə vacib olan tikinti materialları - taxta-şalban, artmatur və s. idxal edən fiziki şəxslərin işini xeyli asanlaşdıracağını vurğulayır. "Təcrübə göstərdi ki, bəzi hallarda broker xidmətləri özünü doğrultmur və gömrük rəsmiləşdirmələri zamanı əlavə maneələr və vaxt itkisi yaradır", - deyə Ramil Osmanlı bildirib.
Onun fikrincə, istər-istəməz rübün sonuna bu məsələnin müsbət nəticələri özünü göstərəcək: "Hər halda, bu məsələ ölkə başçısının iradəsi ilə həyata keçirilir. Yəni kağız üstündə qala bilməz. İş adamları ilə söhbətdən belə anlaşılır ki, hələ gömrük sərhədlərində ciddi dəyişiklik yoxdur. Amma rübün sonuna kimi mexanizm işə düşəcək və müsbət nəticələr özünü göstərəcək".
Fiziki şəxslərin gömrük bəyannamələrini ”Elektron hökumət” portalının vasitəsi ilə rəsmiləşdirmək imkanı qazanması bu sektorda şaxələnməni də artıracaq. DGK-nin məlumatına görə, onsuz da ölkəyə malların idxalında müəyyən şaxələnməyə nail olunub. Qurumun məlumatına görə, eyni adlı mallar ölkə ərazisinə 10, 15, 20, 30, 35 adda müxtəlif hüquqi və hüquqi şəxs yaratmadan kommersiya fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən gətirilir.
Növləri üzrə ölkəyə mal gətirən fiziki və hüquqi şəxslərin sayı
Məsələn, ölkə ərazisinə kərə yağını 15-20 adda, smetan məhsulunu 20-30 adda, düyünü 10-18 adda, taxılı 10-12 adda, armaturu 20 adda, taxtanı 22 adda, məişət əşyalarını 15 adda hüquqi və hüquqi şəxs yaratmadan kommersiya fəaliyyəti ilə məşğul olan fiziki şəxs gətirir. Amma "Fiziki şəxslər üçün sadələşdirilmiş bəyannamə” prosedurlarının elektron hökumət vasitəsi ilə həyata keçirilməsi hər bir sahə üzrə biznes adamlarının sayını bir neçə dəfə artırmağa imkan yaradacaq. /anspress/