İraq ordusu İŞİD-in nəzarətində olan Əl-Fəlluca şəhərinə daxil olub. Məlumata görə, bu barədə İraq ordusunun yerli komandirləri xəbər yayıb.
“Biz bu gün səhər Əl-Fəlluca şəhərinin azad edilməsi məqsədi ilə əməliyyata başladıq", - deyə terrorçuluğa qarşı xidmətin rəsmi nümayəndəsi "France Press" agentliyinə bildirib.
Hərbçilər şəhərə üç istiqamətdən daxil olublar. İraq hərbçiləri bir həftə əvvəldən şəhərin azad olunması məqsədi ilə əməliyyatlara başlayıblar. Bu vaxta qədər ordu bir neçə yaşayış məntəqəsini azad edib. Həmçinin Hacı Həmzə ləqəbi ilə tanınan İŞİD liderlərindən biri öldürülüb.
İraq ordusu hücumdan əvvəl sakinləri şəhəri tərk etməyə çağırmışdı. Ordu rəsmiləri həmçinin evlərini tərk etməyən əhaliyə döyüşçülərin hərbi bazalarından uzaq durmağı və evlərdə ağ bayraqlar asmağı məsləhət görüblər.
Şəhər paytaxt Bağdaddan qərbdə yerləşir. İŞİD döyüşçüləri 2014-cü ildən şəhəri nəzarətdə saxlayırlar. Əl-Fəlluca müharibəyə qədər İraqın ən böyük şəhərinlərdən biri idi. Şəhərdə təxminən 350 min insan yaşayırdı.
Mayın 24-də isə Suriyada İŞİD terror təşkilatının "paytaxtı" hesab olunan Rakka şəhərinin terrorçulardan azad edilməsi üçün hərbi əməliyyatlara başlanılıb.
Hücuma Kobani şəhərinin cənubundan başlanılıb. Hərbi əməliyyatlar PKK terror təşkilatının Suriyadakı qolu YPG, “Demokratik Suriya Gücləri“, “Əhrar Rakka” və “Liva Təhrir” briqadaları tərəfindən aparılır.
Əməliyyatlara həmçinin koalisiya qüvvələrinin hərbi havadan dəstək verəcəyi bildirilir. Rakka şəhərinin şimaldan mühasirəyə alınması planlaşdırılıb. Kobaninin 50 kilometr cənubunda olan Ayn İsa qəsəbəsindən 3 istiqamətdə başladılan əməliyyata “Demokratik Suriya Gücləri" , YPG, “Əhrar Rakka” və “Liva Təhrir”in qatıldığı bildirilir.
Bir neçə gün əvvəl isə Suriya kürdlərinin ABŞ xüsusi bölmə əsgərləri adlandırdığı döyüşçülərin şəkilləri yayılıb. ABŞ Suriya üsyançılarının təlimi üçün xüsusi təyinatlı dəstənin 300 döyüşçüsünü Suriyaya yollayıb./anspress/