İran İslam Respublikasının Azərbaycandaki səfiri Möhsün Pak Ayin ANS-ə eksklüziv müsahibə verib.
Məlumata görə, səfir İran və Azərbaycanın arasındakı münasibətlərdən, Xəzər dənizinin statusundan və son günlər Cənubi Azərbaycanda baş verən etiraz aksiyaları ilə bağlı danışıb.
Möhsün Pak Ayin iki ölkə arasında əlaqələrin çox yaxşı inkişaf etdiyini vurğulayıb və buna sübut kimi dekabr ayında iki ölkənin müştərək iqtisadi komissiyasının iştirakı ilə iclasın keçiriləcəyini bildirib.
“Biz iki ölkə arasındakı müştərək iqtisadi komissiyanın 10-cu iclasını keçirməyə hazırlaşırıq. Dekabrın 3-cü ongünlüyündə iki ölkənin iqtisadiyyat rəsmilərinin iştirakı ilə Tehranda konfrans baş tutacaq. Bir çox sahələr üzrə, o cümlədən bank, energetika, tranzit ticarət, turizm, əkinçilik, baytarlıq, gigiyena sahələri üzrə müzakirələr aparılacaq. Bəzi sahələrdə sənədlərin imzalancağı gözlənilir. Nəzərə alsaq ki, bu iclas İrana qarşı sanksiyaların ləğvi ilə eyni vaxta düşür,mənim fikrimcə, iki ölkə arasında bu, müsbət bir addım olacaq.”
Möhsün Pak Ayin - İranın Azərbaycanakı səfiri
İran səfiri həmçinin Xəzər dənizində də iki ölkənin əlaqələrini yüksək qiymətləndirib. Onun sözlərinə görə, dənizin hüquqi statusu üzrə İran və Azərbaycanın baxışları eynidir. Xəzərin təhlükəsizlik, ekologiya, gəmiçilik, balıqçılıq, xüsusilə də enerjidən istifadə sahəsində əməkdaşlıq mövcuddur.
“Bakı ilə Tehran arasında müəyyən yataqların işlənməsi barədə danışıqlar gedir. Hər iki ölkənin mütəxəsisləri əməkdaşlığın səviyyəsini araşdırır və ümid edirik ki, müsbət nəticə əldə olunacaq. Sizə mühüm xəbərim 20 noyabr tarixində OPEK-in qaz ixracatı üzrə iclas keçiriləcəyi ilə bağlıdır. 24 noyabrda isə dövlət rəsmiləri burada olacaq. 7 ölkənin dövlət başçısı iştirakını təsdiqləyib. Rusiya, Türkmənistan, Boliviya, İraq, Qvineya, Venesuela prezidentlərinin iştirak edəcəyi toplantıda Azərbaycan rəsmilərinin də qatılacağına ümidvarıq”.
Möhsün Pakayin Azərbaycan və İran arasında olan nəqliyyat infrastrukturu mövzusuna toxunaraq Rəşt-Qəzvin-Astara dəmiryolunun təkmilləşdirilməsini qeyd edib. Səfir İran tərəfinin 2017-ci ilə qədər işin başa çatdırılmasını planlaşdırdığını söyləyib. O deyib ki, Azərbaycan da öz tərəfində 7 km-i və İran tərəfində olan 2 km-i 2016-cı ilə qədər tikib başa çatdıracaq. “Hazırda bu dəmiryolunun maliyyə tərəfinin həlli üçün Çin və Rusiya şirktələri ilə danışıqlar aparılır. Çin artıq öz razılığını bildirib. İran və Azərbaycan da sərmayə qoyacaq. Yəni artıq iş başlayıb”, - deyə səfir bildirib.
Son günlər Cənubi Azərbaycanda vəziyyətin gərginləşməsinə səbəb olan “Fitiləha” televiziya proqramı ilə əlaqədar ANS-ə danışan səfir bu proqramın İranda artıq 10 ildir ki, nümayiş olunduğunu və çoxları tərəfindən sevildiyini deyib.
“Təəssüflər olsun, ki, son proqramda azərbaycanlılara toxunan bir yumordan istifadə olunub. Proqramda istifadə olunan sözlər etiraza səbəb olub. Mən özüm də farsdilli olaraq bu proqramdan razı deyiləm və bu hadisədən narahatlıq keçirdim. Orda istifadə olunan sözlər uşaqlar üçün münasib deyil. Təkcə İran azərbaycanlıları deyil, fars xalqı da bunu tənqid edir. Həqiqət bundan ibarətdir ki, bu bilərəkdən baş verməyib. Proqramın aparıcısı da azərbaycanlıdır və proqramın sonunda üzrxahlıq edib. İran televiziya proqramları şəbəkəsi azərbaycanlılardan üzr istəyib və proqram dayandırıb. Sadəcə müəyyən yanlışlıq olub və bu hər yerdə ola bilər.”
Onun sözlərinə görə, bu hər bir ölkədə baş verə biləcək hadisədir. “Bəzi millətçi və separatçı qruplar xarici ölkələrdən dəstək alaraq bundan istifadə etdilər. İranı ittiham etdilər və ittiham edərək ölkənin daxili işinə qarışdılar. Bu İranın daxili işidir və heç bir ölkəyə bunun dəxli yoxdur. Biz sevinirik ki, Azərbaycanın dövlət rəsmiləri düzgün və ədalətli mövqe nümayiş etdirdi. İki ölkənin əlaqələrinə mənfi təsir edəcək hadisələrin təkrarlanmamasına ümid edirik.”/anspress/