İranlı rəsmi: ABŞ-la müzakirələrin mənası yoxdur
22.05.2019 503 0.0 0

ABŞ-ın İran xalqına təzyiq göstərdiyi və öhdəlikləri yerinə yetirmədiyi zamana kimi, bu ölkə ilə müzakirələrin mənası yoxdur.

Qazeta.info Trend-in məlumatına əsasən bildirir ki, bunu İran Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

M.Vaezinin sözlərinə görə, son günlər, əsasən 8 maydan sonra müxtəlif ölkələrin Hərtərəfli Birgə Fəaliyyət Planının qorunması və regionda qarşıdurmanın olmamasının tərəfdarı olduğu müşahidə olunur:

"Bu ölkələr Hərtərəfli Birgə Fəaliyyət Planının əhəmiyyətini nəzərə alaraq gedişatın İranın razılığını qazanmaq istiqamətində olmasını istəyirlər. Amma bu səylər İranla ABŞ arasında müzakirənin aparılması demək deyil”.

2016-cı il yanvar ayında İranın nüvə proqramı haqda İran və 5+1 qrupu (ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniya) arasında Hərtərəfli Birgə Fəaliyyət Planı icra olunub. ABŞ 2018-ci il may ayının 8-dən bu plandan çıxdığını elan və 2018-in noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib.

Hərtərəfli Birgə Fəaliyyət Planının avropalı üzvləri həmin sazişi qorumaq üçün İranla ticarətin davam etdirilməsi məqsədilə INSTEX maliyyə mexanizmini yaradıblar, lakin maliyyə mexanizminin fəaliyyəti müxtəlif səbəblərə görə gecikdirilib. İran Hərtərəfli Birgə Fəaliyyət Planının avropalı üzvlərinin öz öhdəliklərini yerinə yetirməmələrini əsas götürərək 8 may tarixində sazişlə bağlı iki öhdəliyi yerinə yetirməyəcəyini bəyan edib və sazişin tərəflərinə 60 gün müddətinə vaxt verib.

Dünyada maliyyə və bank mübadilələrinin şəffaflığına nəzarət edən FATF layihələrinin ikisi yekun şəkildə təsdiqlənib. Lakin qalan iki layihə (CFT və Palermo) İran parlamentində təsdiqlənsə də, İran Konstitusiyasına Nəzarət Şurası (Guardian council) layihəni təsdiqləməyib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar