Ayətullah Əli Xamneyi: “İran xalqı son seçkilərdəki əzəmətli iştirakı ilə İslam Respublikası quruluşuna olan inamını əməldə nümayiş etdirmiş oldu”
İranın dini lideri Ayətullah Əli Xamneyi cümə axşamı, 10 martda 4-cü Rəhbərlik Xübrəqanı Məclisinin (Üləmalar Məclisi) sədri və üzvləri ilə sonuncu dəfə görüşüb. Dini rəhbər bu görüşdə İran xalqının 26 fevral tarixində keçirilən seçkilərdə yüksək səviyyədə iştirak etməsini alqışlayıb və deyib: “İran xalqı İslam Şurası və Rəhbərlik Xübrəqanı məclislərinə seçkilərdə parladı və səsvermə haqqına malik olanların 62%-i bu seçkilərdə iştirak etdi. Bu isə demokratiya iddiasında olan bir çox ölkə ilə müqayisədə daha yüksək göstəricidir”.
Ayətullah Xamneyi İran xalqının seçkilər günü öz vəzifəsinə əməl etdiyinə işarə edərək, əlavə edib: “İndi də ölkə rəsmiləri üzərlərinə düşən vəzifəyə əməl etməlidirlər”.
Dini rəhbər Xübrəqanı Məclisinin vəzifəsini "inqilabçı qalmaq, inqilabçı düşünmək və inqilabçı rəftar etmək" adlandırıb və deyib: “Ölkənin gələcək rəhbərinin seçilməsində bu üç xüsusiyyətə əməl etmək Rəhbərlik Xübrəqanı Məclisinin başlıca vəzifəsidir və gələcək rəhbərin seçilməsində heç bir kənar maraqlar və mənafelər nəzərə alınmamalıdır”.
İslam İnqilabının rəhbəri həmçinin, dövlət rəsmilərinin vəzifələrinə işarə edib və deyib: “Hazırkı şəraitdə üç əsas vəzifə və prioritet ölkə rəsmiləri tərəfindən xüsusi diqqətə alınmalıdır. Bu üç əsas vəzifə müqavimət iqtisadiyyatı, elmi inkişafın davam etdirilməsi və ölkənin mədəni hücumlardan qorunmasıdır”.
O , İranın üç əsas prioritetini də açıqlayıb və "nüfuz məsələsi"ni son dərəcə önəmli adlandırıb və deyib: Həqiqi inkişafın yeganə yolu iqtisadiyyat, mədəniyyət və siyasət baxımından "ölkənin daxili quruluşunun möhkəmləndirilməsi", "inqilabçılıq xüsusiyyəti", "cihadçı hərəkət", milli və islami izzət və mahiyyətin" qorunması habelə, "dünyanın təhlükəli həzm sistemində həzm olmamaq"dır”.
Dini rəhbər deyib ki, İran İslam Respublikası ABŞ və sionist rejim istisna olmaqla, bütün dünya ilə anlaşmaya hazırdır.
Ayətullah Xamneyi regionda cərəyan edən hazırkı müharibələri tamamilə siyasi adlandırıb və deyib: “İslam düşmənləri bu ixtilafları məzhəblərarası ixtilaflara çevirməyə çalışırlar. Bu yolla ixtilafların uzanmasına səy göstərirlər. Biz isə bu təhlükəli məqsədin gerçəkləşməsinə kömək etməməliyik”.
(xəbər dəyərlər.org saytının məlumatına istinadən hazırlandı)
Qeyd: Ölkənin bir sıra saytları bu çıxış əsasında yanlış məlumat yayıblar ki, ayətullah Əli Xamneyi onun yerinə varisin seçilməsi üçün Üləmalar Məclisinə müraciət edib. lakin göründüyü kimi, çıxışda elə bir məqam yoxdur.
Ayətullah Əli Xamneyi 1989-cu ildən, İran islam inqilabının lideri ayətullah Xomeyni vəfat edəndən ölkənin dini rəhbəridir.
Xamneyi 1981-ci ilin oktyabrından 1989-cu ilin avqustunadək İranın prezidenti olub. Əslən azərbaycanlıdır./musavat.com/