İrandan Ermənistana xəbərdarlıq bəyanatı
05.05.2016 8412 0.0 0

İran tərəflərin müraciəti olarsa, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yardım edə bilər.
Məlumata görə, bu barədə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin bildirib. İran səfiri söyləyib ki, ölkəsi “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dövlətin ərazi bütövlüyü çərçivəsində” həllinin tərəfdarıdır. Pakayin həm də qeyd edib ki, Tehran regionda sülhün və qarşılıqlı əməkdaşlığın saxlanmasında maraqlıdır.

İran səfirinin Dağlıq Qarabağ münaqişəsinin gələcək taleyi üçün çox önəmli olan 5 may ərəfəsində bu bəyanatı səsləndirməsi təsadüfi deyil. Mayın 5-də Ermənistan parlamentində müxalifətçi deputatlar Zarui Postancyan və Hrant Baqratyanın təklifi ilə Dağlıq Qarabağın müstəqilliyinin tanınması məsələsinə baxılacaq.  Ermənistanın hakim Respublika Partiyasının bəzi təmsilçiləri layihənin əleyhinə çıxsa da ictimaiyyətdə Dağlıq Qarabağın tanınmasının tərəfdarları həddindən çoxdur və erməni deputatların ictimai rəyə boyun əyərək layihəni qəbul etməsi də istisna edilmir.

MDB Ölkələri İnstitutunun Ermənistan filialının direktoru, politoloq Aleksandr Markarovun fikrincə, Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınması ilə Ermənistan münaqişənin həlli üzrə Minsk qrupunun fəaliyyətini dayandırmış olacaq: “Belə olan halda Azərbaycan danışıqlar prosesindən çıxmaq üçün legitim hüquq əldə edəcək. ATƏT-in Minsk qrupunun həmsədrləri danışıqların nizamlanması üzrə mandatdan məhrum edilə bilərlər”.

 

     

Madrid prinsiplərinə əsasən, Azərbaycanın işğal olunmuş ərazilərinin mərhələli şəkildə azad olunması 



Yəni erməni politoloq dolayısı ilə bildirib ki, Dağlıq Qarabağın Ermənistan tərəfindən tanınması Azərbaycana ərazi bütövlüyünü müharibə yolu ilə bərpa etməyə legitim hüquq verəcək. Azərbaycanla müharibə şəraitində isə Ermənistanın tək qalma ehtimalı yüksəkdir. Strateji tərəfdaşı Rusiya da bu məsələdə Ermənistanın arxasından qaça bilər.  

İndiyə kimi Minsk qrupunun həmsədr dövlətləri də həmişə münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı olduqlarını bəyan edirlər. Amma əməldə isə münaqişənin həllini ləngitməklə Ermənistanın xeyrinə olan status-kvonun qalmasına şərait yaradırlar. Ermənistan Minsk qrupunu arxivə göndərməklə həmsədr ölkələrin regiona təsir  imkanlarını itirə bilərlər.

Ermənistanla sıx əməkdaşlıq əlaqələrinə malik İranın səfirinin münaqişənin həlli ilə bağlı Minsk qrupunun formatına uyğun, yəni Azərbaycanın ərazi bütövlüyü çərçivəsində vasitəçilik missiyası təklif etməsi də ola bilər ki, İrəvana xəbərdarlıq məqsədi daşıyır. Tehranın bu bəyanatı həm də Dağlıq Qarabağın tanınması barədə layihənin Ermənistan parlamenti tərəfindən rədd edilməsindən sonrakı mərhələyə hesablanıb. İran ABŞ-la münasibətlərin düzəlməsindən sonra münaqişənin həllində önəmli rola ümid edir.

 

      

Fikrət Sadıqov - Xarici İşlər Nazirliyinin keçmiş işçisi, politoloq 

Lakin Xarici İşlər Nazirliyinin keçmiş işçisi, politoloq Fikrət Sadıqov müsahibəsində İranın vasitəçiliklə bağlı hərdən bir səsləndirdiyi bu cür bəyanatların elə də təsirinin olmadığını bildirir: “Münaqişənin həlli ilə üç əsas qüvvə məşğuldur. ABŞ, Avropa və Rusiya, təbii ki, münaqişənin həllinə Tehranın müdaxiləsinə icazə verməz”.


Politoloqun sözlərinə görə, əslində Tehran da bu məsələni anlayır: “Sadəcə, İran son zamanlarda Türkiyənin məsələ ilə bağlı aktivliyi fonunda zəif görünmək istəmir. Amma bu məsələdə  Azərbaycanın da etibarını qazanmalıdır. Düzdür, Tehran 1990-cı illərdən fərqli olaraq Ermənistanı açıq dəstəkləmir, amma İrəvanla həyata keçirdiyi layihələri dayandırmalıdır. Əks halda, rəsmi Bakı onun vasitəçilik missiyasına güvənməyəcək”.

Hadisələrin necə cərəyan edəcəyi isə bu gün bilinəcək. Azərbaycan hər şeydən öncə müharibə variantına hazır olmalıdır. Əgər Ermənistan parlamenti daha məntiqli çıxış edib münaqişənin dinc yolla həllinə üstünlük versə, rəsmi Bakı İran və ya başqa ölkələrin də bu cür təkliflərini gözdən keçirə bilər. Hər halda, atalar yüz ölçüb, bir biçməyi məsləhət görür./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar