ABŞ-ın ən böyük kəşfiyyat orqanı olan Mərkəzi Kəşfiyyat İdarəsi İranda xüsusi əməliyyat keçirib. Məlumata görə, bu barədə İranın Siyasi məqsədəuyğunluq üzrə şurasının katibi Mohsen Rezaiyə istinadən ”Tasnim” agentliyi bildirib.
Mohsen Rezaiyi mərkəzi kəşfiyyat məntəqəsinin agentinin 2015-ci ilin yayında İrana daxil olduğunu və burada bütün universitetlərə baş çəkdiyini qeyd edib.
Rəsmi Tehran MKİ agentinin İrana nə vaxt daxil olduğunu və məqsədini açıqlayıb.
"Gələcəkdə biz onun haqqında bütün informasiyanı dərc edəcəyik", - deyə Rezai bildirib.
Onun sözlərinə görə, MKİ-nin agenti ölkəyə təxminən İran və "Altılıq" ölkələri arasında (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) uzunmüddətli birgə fəaliyyət planının imzalanmasından sonra baş çəkib.
Mohsen Rezai
"Biz elm və texnika nöqteyi-nəzərindən bizi 100 il qabaqlayan düşmənlərlə rastlaşdıq. Ancaq onlar bizim elmi nailiyyətlərimizlə əlaqədar narahatlıq keçirirlər", - deyə Rezai vurğulayıb.
Qeyd edək ki, 2015-ci il iyulun 14 müxtəlif fasilələrlə təqribən 12 il sürən danışıqlardan sonra, nəhayət, İran ilə ABŞ, Rusiya, Böyük Britaniya, Çin, Fransa, Almaniya və Aİ arasında Vyanada İranın nüvə proqramı üzrə uzunmüddətli birgə fəaliyyət planı imzalanıb. Bu saziş qlobal güclərin maraqlarının toqquşduğu mühüm bir məsələ ilə bağlı tarixi nailiyyət kimi dəyərləndirilir.
İranla "Altılıq" ölkələri arasında tarixi razılaşma
Ötən ilin oktyabr ayında İran parlamenti nüvə proqramı ilə bağlı “Altılıq”ölkələri ilə 2015-ci ilin iyulunda qəbul edilmiş razılığı nəzərdə tutan qanunu təsdiqləyib.
İranla "altılıq" ölkələri arasında sövdələşmə İranın nüvə proqramlarını məhdudlaşdırmasının əvəzində bu ölkəyə qarşı sanksiyaların ləğvini nəzərdə tuturdu. İran bununla uranı 5 faizdən yuxarı zənginləşdirməməyə, 20 faizədək zənginləşdirilmiş uranı isə 5 faizlik həddən aşağı salmağa razılıq vermişdi. Eyni zamanda uranın zənginləşdirilməsi üçün yeni obyektlərin tikintisindən imtina etmişdi.
Bunun müqabilində isə Qərb İrana qarşı tətbiq etdiyi sanksiyaları aradan qaldırmağa söz verdi. İsrail və bəzi digər ərəb monarxiyaları isə bu sazişi qətiyyətlə pisləmişdi. İsralin Baş naziri Benyamin Netanyahu razılaşmanı "tarixi səhv" adlandırmışdı.
Beləliklə, nüvə məsələsində Qərblə razılaşma, münasibətlərin yaxşılaşması İranın siyasi, xüsusən də iqtisadi baxımdan dirçəlişindən xəbər verir. Uzun illər ərzində mövcud olmuş sanksiyalardan sonra dünya bazarına çıxış imkanı bu ölkənin iqtisadiyyatı üçün milyonlarla gəlir deməkdir. Odur ki, Vyanadakı cari danışıqların da müsbət istiqamətdə davam edəcəyini proqnozlaşdırmaq çətin deyil./anspress/