“Səudiyyə Ərəbistanı İranla siyasi əlaqələri dayandırmaqla, dini liderin başını kəsməklə törətdiyi cinayəti ört-basdır edə bilməz”.
"İRNA"-ya istinadən verilən məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani Danimarkanın xarici işlər naziri Kristian Yensenlə görüşündə Səudiyyə Ərəbistanı şiələrinin rəhbəri Şeyx Nimr ən-Nimrin edamına münasibət bildirərkən deyib.
H. Ruhaninin fikrincə, Şeyx Nimr Səudiyyə Ərəbistanında hökuməti tənqid etdiyi üçün edam olunub: “Tənqidin cavabı baş kəsmək deyil. Avropa ölkələri həmişə insan haqları məsələsinə həssas yanaşır. Ümid edirik ki, bu məsələdə də öz mövqeyini ortaya qoyacaq”.
H. Ruhani deyib ki, İran qonşu ölkələrlə əlaqələri inkişaf etdirmək niyyətindədir: “Təbii ki, cəmiyyət İslam və insan haqlarına qarşı törədilmiş cinayətə reaksiya verir. Səudiyyə Ərəbistanı dini rəhbərin başını kəsmək cinayətini ört-basdır etmək üçün İranla siyasi əlaqələrini kəsib. İran ölkələr arasında fikir ayrılıqlarının həlli yolunu danışıqlarda görür. Bu gün regiondakı vəziyyət tələb edir ki, bütün ölkələr terrorizmlə mübarizə üçün bir-birləri ilə əməkdaşlıq etsin. İnanıram ki, region ölkələri bölgəni terrorizmin təhlükəsindən qorumaq üçün birləşəcək”.
O, terrorizmlə mübarizədə İranın digər ölkələrlə, o cümlədən Avropa İttifaqı ilə əməkdaşlıq etməyə hazır olduğunu vurğulayıb./apa/