İran prezidenti Həsən Ruhani ABŞ-ın ölkəsinə qarşı yeni sanksiyaların tətbiqindən sonra Vaşinqtonu sərt tənqid edib.
Məlumata görə, o bildirib ki, İran ABŞ-ın razılaşmanı pozmasını bağışlamayacaq.
“Sevindirici haldır ki, bu gün bizim 5+1 ölkələrindən olan tərəfdaşlarımız Hərtərəfli Birgə Fəaliyyət Planını (HBFP) qorumaq üçün müqavimət göstərir. ABŞ Konqresinin qərarlarının qarşılığında İran parlamenti də bəzi qərarları təsdiqləyəcək. Dünyada hər bir ölkənin yeri onun digər ölkələrə qarşı öhdəliklərinə hörmətlə yanaşmasından və həmin ölkələrin ona etimadından asılıdır. Amerikalılar müasir dövrdə bir çox öhdəlikləri, o cümlədən Paris öhdəliklərini, Kuba ilə olan öhdəliklərini, Şimali Amerika ilə olan bir çox müqavilələrdəki öhdəliklərini və Şərqi Asiyaya dair bir sıra öhdəliklərinə ayaq altına atıblar. Bu onu göstərir ki, ABŞ dünyada sabitlik, təhlükəsizlik və insan hüquqları müdafiəçisi ola bilməz. Özündə sabitlik olmayan, qanunlara və qaydalara hörmət etməyən, öz imzasına sadiq çıxmayan biri digərlərini sabitliyə çağıra bilməz və təhlükəsizliyi təmin edə bilməz”, - deyə o vurğulayıb.
H. Ruhani bildirib ki, İran həmişə öz öhdəliklərinə sadiq olub və olacaq: “Amerikalılar bir tərəfdən rəsmi hesabatla Konqresdə elan edirlər ki, İran öz öhdəliklərini tamamilə yerinə yetirib. Digər tərəfdən müxtəlif bəhanələrlə bir sıra yeni sanksiyalar tətbiq olunur. Bu heç bir məntiqə, sağlam düşüncəyə sığmır və HBFP razılaşmasına ziddir. Amerikalılar hər bir bəhanə ilə bizə qarşı yeni sanksiyalar tətbiq etmək istəsələr, əmin olsunlar ki, İranın böyük xalqı onlara uyğun cavabı verəcək”.
Qeyd edək ki, ABŞ ötən gün İranın raket proqramı ilə əlaqədar 18 şəxs və quruma qarşı yeni sanksiyalar tətbiq edib./apa/