İran hakimiyyəti paytaxtı Tehrandan köçürmək haqqında düşünür. Məlumata görə, İranın birinci vitse-prezidenti İshaq Cahangiri bazar ertəsi - avqustun 10-da bununla bağlı iclas keçirmək niyyətindədir. İclasda paytaxtın köçürülməsinin bütün müsbət və mənfi tərəfləri müzakirə ediləcək.
İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli jurnalistlərə bildirib ki, prezident Həsən Ruhani də bu planla razıdır. Lakin o, bəzi məsələlərin hələ də sonadək müzakirə edilmədiyini, açıq sualların qaldığını qeyd edib. "Paytaxtın Tehrandan başqa yerə köçürülməsini qanunvericilik təsdiq etsə də, layihənin maliyyə imkanları hələ qeyri-müəyyən olaraq qalır", - deyə Əbdülrza Rəhmani Fəzli bildirib.
İran prezidentinin parlamentdəki təmsilçisi Məcid Ənsari də paytaxtın köçürülməsinin böyük maliyyə xərcləri tələb etdiyindən reallaşmasını mümkün hesab etmir. O, dövlət müəssisələrinin və kommersiya mərkəzlərinin Tehrandan köçürülməsinə şübhə ilə yanaşıb.
İranın paytaxtının köçürülməsi artıq 20 il idi ki, İranın Mənzil Tikintisi və Şəhərsalma Nazirliyində və Daxili İşlər Nazirliyində müzakirə edilirdi. Nəhayət, 2013-cü ilin dekabr ayında İran Məclisində paytaxt Tehranın köçürülməsi haqqında akt qəbul edildi. Səsvermədə 110 nəfər aktın lehinə, 97 nəfər əleyhinə səs vermişdi. 10 nəfər isə səs verməkdən imtina etmişdi. Lakin paytaxtın köçürülməsi prosesinin özü və onun detalları hələ də sonadək müəyyənləşdirilməmiş olaraq qalır./anspress/
İranın paytaxtı Tehran