İran Səudiyyə Ərəbistanına nota verdi. Məlumata görə, koalisiya qüvvələrinin bombardımanı nəticəsində Yəmənin paytaxtı Sənadakı İran səfirliyinin yaxınlığına bomba düşməsi səbəbindən rəsmi Tehran ölkəsindəki Səudiyyə Ərəbistanı səfirliyinin müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə dəvət edib.
Bu barədə məlumatı İran XİN sözçüsü Mərziyə Əfham yayıb. Nazirliyə dəvət olunan müvəqqəti işlər vəkilinə xəbərdarlıq olunduğunu deyən Əfham bildirib ki, diplomatdan faktla bağlı qane edici açıqlama tələb olunub. Əfham, Səudiyyə Ərəbistanı və Yəmənə qarşı olan koalisiya qüvvələrinin hava hücumu nəticəsindı meydana gələ biləcək tələfat və zərərə görə beynəlxalq hüquq müstəvisində məsul olduqlarını və Yəməndəki iranlı diplomatların təhlükəsizliyinin təminat altına alınmasına məcbur olduqlarını vurğulayıb.
İran xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahyan faktla bağlı dövlət tele kanalında verdiyi açıqlamada Səudiyyə Ərəbistanına beynəlxalq öhdəliklərin yerinə yetirilməsi və diplomatik missiyaya hörmət etməsi üçün müraciət edib.
“Səfirliyimiz Sənada fəaliyyətinə davam edəcək. İran səfirliyinin diplomatik korpusuna ziyan vuracaq hər cür hadisəyə görə Yəmənə hücum edən Səudiyyə Ərəbistanı məsuldur”.
Xatırladaq ki, Səudiyyə Ərəbistanının rəhbərliyindəki koalisiya qüvvələrinin Yəməndə həyata keçirdiyi bombardımanda paytaxt Sənadakı İran səfirliyinin yaxınlığında bomba partlayıb. Hədisə nəticəsində insan tələfatı olmasa da səfirlik binasının şüşələri sınıb. /anspress/