İran neft hasilatını artırmaq niyyətindədir və OPEC-ə üzv olan ölkələrin Əlcəzairdə keçirilən görüşdə əldə etdiyi razılaşmanın iştirakçısı deyil. Məlumata görə, bunu İranın Milli Neft Şirkətinin (NIOC) beynəlxalq əməkdaşlıq üzrə vitse-prezidenti Möhsen Qamsari bildirib.
Onun sözlərinə görə, OPEC üzvlərinin razılaşmasına əsasən İran üçün istisna edilib və artıq bu ölkə sutkalıq hasilatı 4,2 mln. barelə qədər artıra bilər.
Beləliklə, kartelin Əlcəzair görüşündə əldə etdiyi razılaşmaya dair daha bir müəmma yaranıb. Razılaşma əldə olunandan qısa müddət sonra bazar onun uğurlu olmasına ümidli idi. İndi isə bu əminlik itməkdədir. Mütəxəssislərin səsləndirdiyi fikirləri ümumiləşdirsək təxminən bu tezis ön plana çıxacaq - OPEC heç bir anlaşmanı yerinə yetirməyəcək!
Qayıdaq M. Qamsarinin açıqlamasına. O əlavə edib ki, İran gündəlik neft ixracını 150 min tona, yaxud 2,2 mln. bareldən 2,35 mln. barelə qədər artırmaq niyyətindədir. Bu ilin ilk yarısında qonşumuz gündə 2 mln. barel neft ixrac edib. Fərq göz önündədir. Yeri gəlmişkən, İranın ixrac etdiyi neftin 600-650 min bareli Avropa bazarlarına çatdırılır. Daxili bazarda isə gündəlik tələbat 1,8 mln. barel təşkil edib.
"Morgan Stanley" investisiya bankının analitiki Adam Lonqson (Adam Longson) hesab edir ki, əslində, kartelin siyasətində dəyişiklik olmayacaq: "Əlcəzairdə gördüklərimiz boş vədlərdən başqa bir şey deyil".
Mütəxəssislər həmçinin hesab edir ki, ABŞ-ın neft hasilatçıları fyuçerslərdə qısa mövqelərini aktiv şəkildə artırır.
Xatırladaq ki, sentyabrın sonunda Əlcəzairdə OPEC-ə üzv olan ölkələr sutkalıq neft hasilatını 32,5 - 33 mln. barel səviyyəsində saxlanılması ilə bağlı qeyri-rəsmi razılığa gəliblər. Lakin rəsmi qərar noyabr ayında keçiriləcək OPEC-in iclasında verilməlidir.
Artıq indidən görürük ki, hələlik heç kim hasilatı azaltmaq və ya onu məhdudlaşdırmaq barədə düşünmür. Üstəlik, Əlcəzairdə bir çox ikitərəfli görüşlərin və danışıqların iştirakçısı olan Rusiyaya gəldikdə, şimal qonşumuz OPEC razılaşmasına qoşulmağa hazır idi. Ancaq dünən məlum olub ki, Rusiya yeni rekord vurub. Rusiyada neft hasilatı sentyabrda SSRİ dövründən rekord səviyyəyə - gündəlik 11,11 mln. barelə çatdırıb.
Rusiyanın iri neft istehsalçısı "Rosneft" şirkəti hasilatını ötən ayla müqayisədə 2,6% artırıb. "Qazpromneft" isə istehsalını 5,2% artırıb.
Bir müddət öncə Rusiyanın energetika naziri Aleksandr Novak bildirib ki, hökumət neft hasilatının dondurulması və OPEC ölkələri ilə razılığa gəlinməsi üçün müəyyən alətlər tapacaq. Bu bəyanat neft ixracı ilə məşğul olan ölkələrin 2008-ci ildən bəri ilk dəfə hasilatın dondurulması ilə bağlı razılığa gəlməsi fonunda səslənib.
Bu gün neftin qiyməti rəmzi olaraq mənfidə zonadadır. Dünən isə neftin qiymətində artım müşahidə olunurdu və "Brent" markalı neftin dəyəri 50 dollardan yuxarı idi.
Buna baxmayaraq, dolların möhkəmlənməsi və bazara daxil olan bir sıra informasiyalar fonunda neftin qiymətinə təzyiq arta bilər. Onu da əlavə edək ki, bu gün ABŞ-ın Neft İnstitutu bu ölkənin ehtiyatları barədə məlumatları açıqlayacaq.
Xatırladaq ki, ABŞ-da neft ehtiyatları artıq 4 həftədir azalır./apa/