"Azərbaycan və İran arasında əlaqələr strateji səviyyədədir". Bunu açıqlamasında İranın sənət, mədən və ticarət nazirinin müavini və Ticarətin İnkişafı Təşkilatının sədri Müctəba Xosrovtac deyib.
Onun sözlərinə görə, tərəflərin əsas məqsədi iqtisadi əlaqələrin qurulmasının asanlaşdırılmasıdır: "İran Azərbaycanla əlaqələrini inkişaf etdirmək üçün ciddi səylər göstərir. Ölkələrimiz arasında əlaqələr strateji səviyyədədir. Hökumətlərarası Komissiya qarşıya qoyulan hədəflərə çatmaq üçün lazımi addımlar atır. Bilirsiniz ki, İrana qarşı sanksiyalar tətbiq olunmazdan öncə iş adamlarımız Azərbaycanın sənaye və istehsal sahələrinə ciddi yatırımlar etdi. Lakin sanksiyalar ucbatından iş adamlarımız ciddi problemlərlə üzləşdi və biznesini inkişaf etdirə bilmədi. İndi isə yeni şərtlər əsasında əməkdaşlıq etməyə başlamışıq. Yatırım üçün yaxşı şərait mövcuddur və biz bunda qərarlıyıq".
Yeri gəlmişkən, APA-nın Tehran bürosunun əldə etdiyi məlumata görə, İranın Ticarətin İnkişafı Təşkilatı altı ölkədə Ticarət Mərkəzi açmağı planlaşdırır ki, bu ölkələr arasında Azərbaycanda var. Bildirilir ki, Azərbaycan-İran Ticarət Mərkəzi özəl sektoru dəstəkləməyi qarşısına hədəf qoyub./apa/