İran “Cənub qaz dəhlizi” üzrə Avropaya qaz nəqli məsələsində Azərbaycanla əməkdaşlıq edəcək. Bunu Trend-ə eksklüziv müsahibəsində İranın Rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası komissiyanın iranlı həmsədri Mahmud Vaezi deyib.
O bildirib ki, İran Asiya bazarlarından başqa, Avropa bazarlarına da qaz ixrac etməyi planlaşdırır: “İran qazının Avropaya nəql yollarından biri Azərbaycan vasitəsilə nəql olunmasıdır. Düşünürəm ki, “Cənub qaz dəhlizi”nin istifadə edilməsində Azərbaycanla əməkdaşlıq edə biləcəyik. Bu məsələ ilə bağlı Azərbaycan Energetika naziri və müvafiq qurumlarla danışıqlar aparmışıq. Hər iki ölkənin rəsmiləri daim qaz sahəsində danışıqlar aparır və bu danışıqlar davam edir”.
İranın Rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi
M.Vaezi qeyd edib ki, neft və qaz sahəsində Azərbaycan və İran arasındakı əlaqələr çox yaxşı səviyyədədir: “Hesab edirəm ki, tərəflərin bir-birinə ehtiyacı var. Hazırda Azərbaycan İranla "svop" şərtlərlə Naxçıvan Muxtar Respublikasına (NMR) qaz tədarük edir. Digər tərəfdən, müəyyən dövrdə Azərbaycanın qaz ehtiyacı artır ki, biz də bunu ödəyə bilərik. Müəyyən mövsümlərdə isə İranda qaz çatışmazlığı olur ki, Azərbaycan bu tələbi təmin edə bilər”./anspress/