İran ordusunun Hörmüz boğazında keçirdiyi təlimlər zamanı buraxılan raketlər ərazidə üzən ABŞ aviadaşıyıcılarının yaxınlığından keçib.
APA TV-nin RBK-ya istinadən məlumatına görə, Pentaqondan fakt təsdiqlənib və ABŞ tərəfi bundan narahatlığını bildirib.
Raketlər Amerikanın "Harri Truman" aviadaşıyıcısının 1,4 kilometrliyindən keçib. Layner həmin vaxt Hörmüz boğazının Ərəb dənizi ilə Fars körfəzini birləşdirən ərazisində olub. Bu an İran İnqilabı Keşikçilərinə aid donanmadan "Harri Truman" istiqamətində bir neçə raket buraxılıb.
ABŞ laynerindən əlavə, həmin ərazidə insident anında Fransaya aid "Bakli" ticarət gəmisi də hərəkətdə olub.
ABŞ Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi Kayl Reyns İranın bu addımını təxribat adlandırıb. O, raketlərin hədəfinin məhz "Harri Truman" olduğunu iddia edib. "Raket atəşi 23 dəqiqə davam edib. İranın bu addımı həmin ərazidəki ticarət yolunun təhlükəsizliyinə ciddi zərbədir, bu, həmçinin beynəlxalq ticarət üçün də arzuolunmaz addımdır", - deyə o qeyd edib.
Xatırladaq ki, "Harri Truman" Fransanın "Şarl de Qoll" raketdaşıyıcısı ilə birgə İŞİD-ə qarşı mübarizə məqsədilə ərazidədir.