Moskva hər şeydə günahkardır. Ermənistanın siyasi elitası belə sayır. Onların fikrincə, Azərbaycanın siyasəti birbaşa Rusiya rəhbərliyi tərəfindən stimullaşdırılır. Bu barədə İrəvanda nəşr olunan "Aravot" qəzetinin jurnalistlərinə Ermənistan xüsusi xidmətinin keçmiş başçısı David Şahnazaryan bildirib.
Beləliklə, keçmiş çekist son günlərdə çox sayda hərbi qulluqçusunu itirmiş Ermənistan işğal ordusunun ad-sanını xilas etməyə çalışır.
Bu xadimi də, Ermənistan prezidenti Serj Sarkisyan kimi Rusiyanın Azərbaycana silah satması çox narahat edir. Guya, Ermənistan ordusu Çin silahı ilə təchiz edilib. Niyə, görəsən, İrəvan Rusiyadan çox vaxt hətta pulsuz silah ala bilər, amma Azərbaycan pulla belə yox? İrəvanda bu gülünc iddianı heç kim düz-əməlli əsaslandıra bilmir.
Bu azmış kimi, Şahnazaryan hətta Moskvanı hədələyib ki, Azərbaycan silah satışının davam etdirilməsi Ermənistanla Rusiyanın münasibətlərinə təsir göstərə bilər.
Görəsən, Moskva olmasa, ermənilərin başına nə işlər gəlməz? Axı məhz ermənilərin çox yaxın adamı Qorbaçovun rəhbərlik etdiyi Kreml Qarabağın işğalı üçün şərait yaratdı. Rusiyanın növbəti prezidenti Boris Yeltsinin dövründə isə Rusiya ordusunun bədnam 366-cı polku Azərbaycanın Xocalı şəhərinə hücum elədi və soyqırım törətdi.
Rusiya olmadan ermənilər yaşaya bilməz. Ermənistan maliyyə nazirinin müavini Pavel Safaryanın sözlərinə görə, Rusiya yaxın günlərdə Ermənistana əvəzsiz olaraq 47 mln. dollarlıq və 130 mln. rublluq yardım edəcək. Rusiyanın Ermənistana mayasından aşağı qiymətə qaz satması da nəzərə alındıqda, bu siyahını davam etdirmək olar.
İndi Ermənistanın hərbi qulluqçuları cəbhə xəttindən qaçmağa başlayıb, bunu da Moskvanın və Bakının əməli sayırlar. Sadəcə, bu gün Ermənistanın sadə insanları anlamağa başlayır ki, başqa ərazilərin tutulmasına xərclənən böyük vəsaitlər ölkə əhalisinin sosial durumuna yönəldilsəydi, onların həyatı daha yaxşı olardı.
Ermənistandan fərqli olaraq Azərbaycan heç kimdən heç nə dilənmir və hər şeyi tam dəyərli valyuta ilə alır. Bizi heç kim stimullaşdırmır, bizim ən böyük stimulumuz Azərbaycan ərazilərinin erməni işğalçı ordusundan tam azad olunması arzusudur. Əmin olun ki, tezliklə bu arzumuz çin olacaq. /anspress/