Verilən məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyasının İctimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu gün ölkədəki əksər müxalifət partiyalarının sədrləri ilə keçirdiyi görüşündə deyib.
Şöbə müdiri xatırladıb ki, Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə ölkədə rifahın yüksəlməsi, iqtisadi islahatların aparılması ilə yanaşı davamlı olaraq siyasi islahatların da aparılmasının zəruriliyini vurğulayıb: “Biz daim siyasi sistemimizin təkmilləşdirilməsinə də diqqət yetiririk. Çünki modernləşmə prosesi dövlətin iqtisadi-sosial sahələrdəki uğurları ilə yanaşı siyasi cəhətdən dünyada təcrübədən keçmiş, özünü doğrultmuş islahatları tətbiq etməsi və həyata keçirməsindən ibarətdir”.
Ə. Həsənov deyib ki, Azərbaycan cəmiyyətinin daxili idarəçiliyi mətbuat, söz və məlumat azadlığı, həmçinin vətəndaş cəmiyyəti institutlarının və siyasi partiyaların opponentlik fəaliyyəti olmadan qeyri-mümkündür: “Ona görə də biz davamlı olaraq mətbuatla, siyasi partiyalarla, qeyri-hökumət təşkilatları ilə görüşlər keçirmişik. Bugünkü görüş də Azərbaycanın bir qrup müxalifət partiyasının təşəbbüsü ilə reallaşdırılıb. Biz partiyaların qaldırdığı məsələlər ətrafında fikir mübadiləsi aparacağıq, onları dinləyəcəyik. Mən də Azərbaycan hakimiyyətinin nümayəndəsi kimi nəticələri Azərbaycan Prezidenti cənab İlham Əliyevə, Prezident Administrasiyasına və müvafiq strukturlara çatdıracağam”.
PA rəsmisi bir daha qeyd edib ki, Azərbaycan hakimiyyəti siyasi opponentləri ilə konstruktiv əməkdaşlığa, dialoqa həmişə açıq olub: "Bundan sonra da açıq olmağa davam edəcəyik”.
Məlumata görə, görüşdə iqtidar nümayəndələrindən - Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, şöbənin müdir müavini Tahir Süleymanov, şöbənin sektor müdiri Elman Paşayev iştirak edirlər.
Müxalifət tərəfdən isə Ümid Partiyasının sədri Millət Vəkili İqbal Ağazadə, ADP sədri Sərdar Cəlaloğlu, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, BAXCP sədrinin müavini Zöhrab Abdullayev, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı və Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev qatılıb.
Görüşdə müxalifət partiyaları ilə münasibətlər, onlarla əməkdaşlığın perspektivləri və digər məsələlər müzakirə olunacaq.
Ə. Həsənov giriş nitqi ilə çıxış edib.
Sonra görüş mətbuatın iştirakı olmadan davam etdirilib.//APA