İnterpol azərbaycanlı plastik cərrah Elçin Məmmədovun axtarışına çıxıb.
Həkim axtarışda olmaqla yanaşı barəsində, Rusiya mətbuatında geniş məqalələr də yazılır. İddia edirlər ki, o, həkim yox, əslində guya qatildir. Həmin həkim indi Bakıda işləyir.
ANS TV-nin məlumatına görə, Rusiyanın “Komsomolskaya pravda” qəzeti 2007-2012-ci illərdə Moskvada işləyən plastik cərrah azərbaycanlı Elçin Məmmədovu dələduzluqda və insan ölümündə günahlandıraraq beynəlxalq axtarışa verib.
Qəzet cərrahın "Estet" və "Lanset" klinikalarında çalışdığı zaman plastik cərrahiyyə aləmində "rəssam" kimi tanınan doktorun bir neçə qadını bədbəxt etdiyini, birini isə öldürdüyünü yazır. Cərrahın Moskva sakini Anna Spitsına üzərində uğursuz əməliyyat keçirdiyini və xanımın bu günə qədər komada olduğunu iddia edilir.
Elçin Məmmədov Rusiya prezidentinin tabeçiliyində olan “Volınskiy” xəstəxanasında da çalışıb. İstintaq materiallarına əsasən Məmmədov tibbi təhsil haqda sənədləri elə məharətlə saxtalaşdırıb ki, ona hətta Rusiyada estetik cərrah adı ilə sertifikat da verilib. Ona qarşı irəli sürülən iddialar bir müddət Rusiya məhkəmələrində araşdırılıb və barəsində dələduzluq və insan ölümündə günahlandırma maddələrilə qiyabi həbs qərarı verilib.
Qərar çıxanda isə o, artıq Bakıda olub. Bakıda isə klinikalardan birində işə başlayıb. Üç gün əvvəl isə İnterpol onun axtarışına çıxıb. Üzünün görünməməsi şərtilə sullarımızı cavablandıran Elçin Məmmədov ittihamları rədd edir. Komaya düşən xəstənin günahını isə anastezyoloqda görür. Dediyinə görə, bu faktı, hətta 12 dəfə məhkəmə ekspertizası da təsdiqləyib.
“Bu hadisədən sonra mən həmin klinikadan ayrılmaq istədiyimi bildirdim. Onlar dedilər ki, əgər getsəm, baş vermiş hadisəni mənim üzərimə atacaqlar. Əlbəttə ki, mən bunlara fikir vermədim və çıxıb getdim”, - deyə Elçin Məmmədov qeyd edib.
Həkim indi hüququnu vəkilləri vasitəsilə qoruyacaq. Səhiyyə Nazirliyi də İnterpolun axtardığı həkimin Azərbaycanda işləməsinə aydınlıq gətirib. Nazirlik özəl müəssisələrin kadr siyasətinə qarışmır.
İnterpolla əməkdaşlıq edən Daxili İşlər Nazirliyinin rəsmisi Ehsan Zahidov isə deyib ki, "Biz də Rusiya vətəndaşı olan Elçin Məmmədovu axtarırıq, Azərbaycan ərazisində yeri müəyyən olunarsa, həbs edib Rusiyaya təhvil verəcəyik".//AnsPress