İnternet vasitəsilə canlı yayım etmək imkanı verən "Periscope" yüklənmə rekordu vurur.
Məlumata görə, tətbiqetməni 10 gündə 1 milyon istifadəçi yükləyib. Tvitterin baş icraçı direktoru Dik Kostolo bu rəqəmləri açıqlayarkən bildirib ki, tətbiqetmənin bu qədər çox yüklənməsində tvitterin 300 milyona yaxın istifadəçisinin də böyük rolu var.
Bu tətbiqetmənin sayəsində insanlar internet vasitəsilə canlı yayım edə bilirlər. Sosial şəbəkə kimi işləyən bu tətbiqetmənin istifadəçiləri ağıllı telefonlar vasitəsilə bir-birini izləyə, canlı yayım zamanı müzakirəyə qoşula bilirlər.
Qeyd edək ki, "Periscope"u 2 il əvvəl Türkiyədə etirazları görən iranlı təşəbbüskar öz ortağı ilə yaradıb. Kayvon Beykpour adlı həmin şəxs iğtişaşlar zamanı insanların şəkil, video çəkdiyini görüb. O, ABŞ-a qayıdaraq ortağı Cozef Bernsteynə yeni ideyası haqqında danışıb. Beləliklə, onlar birlikdə "Periscope"u ərsəyə gətiriblər. Bu ilin ilk aylarında isə tvitter 100 milyon dollara həmin tətbiqetməni alıb.
Hələlik ödənişsiz olaraq yalnız iPhone telefonlarına yüklənən "periscope"un istifadəçiləri o qədər də çox deyil. Lakin 288 milyondan çox istifadəçisi olan tvitter sayəsində tətbiqetmənin tezliklə geniş yayılacağı güman edilir./anspress/