Tərifi yaxşı səslənsə də açıq havada satılan qidaların necə bişirilməsi göz qabağındadır.
Qazeta.info ARB 24 -ə istinadla xəbər verir ki, əlcəksiz hazırlanan bu qida məhsullarını bişirənlərin hansısa xəstəliyinin olub-olmadığını da dəqiq bilmək çətindir.
Buna baxmayaraq, küçədə satılan dönər və un məmulatlarını alıb yeyənlər heç də az deyil. Mütəxəssislər bildirirlər ki, açıq havada satılan qidaları alanlar mikrob və bakteriyalarla yanaşı, quşlar, ağcaqanadlar, pişiklər və itlərdəki viruslara da yoluxa bilərlər.
Çünki heyvanlardakı viruslar hava axını vasitəsilə asanlıqla qidaların üstünə hopur. Qidaların gigiyenik tələblərə cavab verməyən yerlərdə hazırlanması zəhərlənmələrə də gətirib çıxara bilər.
Terapevt Tural Qəmbərli havanın viruslarla zəngin olduğunu bildirib:
“Hava göbələk sporları və virus infeksiaları ilə zəngindir. Açıqda satılan qidalar üçün bu bakteriyaların törəyir. Xüsuilədə bu ət qidalarında daha əlverişli şərait yaradır. Elə infeksialar da var ki, onlar özünü daha gec biruzə verir. Həzm sisteminin müəyyən şöbəsində həzm gedir və daha gec bilindiyi üçün fəsadları daha böyük və müalicəsi ağır olur”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, təkcə Bakıda təxminən 15 mindən çox dönərxana var.
Və bu dönərlərin hazırlanmasında istifadə olunan ət məhsulları mənfi 20 dərəcədə dondurulduqdan sonra bişirilməlidir. Onun hazırlandığı yerlərə də xüsusi diqqət yetirilməlidir. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanuna görə, alıcının haqqı var ki, aldığı dönərin gigiyenik sertifikatını tələb etsin. Amma reallıq onu göstərir ki, alıcıların əksəriyyətini bu sənəd maraqlandırmır.
İstənilən halda seçim sizindir. Əgər sağlamlığınızın keşiyində durmaq istəyirsinizsə, aldığınız qidaların necə hazırlandığına və harada satılmasına fikir verməniz məsləhətdir.