Böyük Britaniya Avropa İttifaqına girərkən də özünə əl və ya ayaq yeri qoymuşdu. Məsələn, öz valyutasını - funtu qoruyub saxlamışdı. Viza ilə bağlı xüsusi statusa malik idi. Yəni Britaniyaya viza alan Avropanın başqa dövlətlərinə gedə bilməzdi. Bəzi xırda təfərrüatlar da var idi ki, sadalasam çox vaxt aparar.
Əlbəttə, tarixdə dövlətlərin bu və ya digər birliyə, bloka giriş - çıxış təcrübəsi var. Məsələn, 1966-cı ildə Fransa NATO-dan çıxmışdı. Yalnız siyasi müşahidəçi kimi qalmışdı ki, bu da sayılmır. Bütün hərbi strukturları tərk etmişdi, yalnız 2009-cu ildə tam hüquqlu üzv kimi yenidən NATO-ya bərpa olundu. Elə Yunanıstan da 1974-cü ildə NATO-dan çıxmışdı. 1981-ci ildə qayıtdı. Amma çoxdan idi ki, belə bir hadisə baş vermirdi.
Sözsüz ki, bu, Avropa üçün təsirsiz ötüşməyəcək. Britaniyanın ardından Fransa və Hollandiya referendum keçirməyə hazırlaşır. Elə Şotlandiya və İrlandiya da referendum tədarükündədirlər. Avropa İttifaqında qalmaq məqsədilə. Təbii ki, İngiltərədən ayrılmaq şərtilə.
Yeri gəlmişkən, Şotlandiya bir dəfə belə bir referendum keçirmiş, amma lazım olan qədər səs yığmamışdı. O zaman lazımi qədər səsin yığılmamasının bir mühüm səbəbi də bu idi ki, "bir ölkədəyik də, hara çıxırsız?" deyərək başlarını Avropa İtifaqı ilə aldatmaq mümkün olmuşdu. Amma bu dəfə vəziyyət daha təhlükəli olacaq.
İlk baxışda, Britaniya Avropa İttifaqından çıxmaqla bəzi məsələlərdə udur. Əvvəla, İttifaqa verdiyi külli miqdarda vəsait özünə qalacaq. Məsələn, 2015-ci ildə bu məbləğ 18 milyard dollar olub. Digər tərəfdən Avropa İttifaqının üzvü olarkən Britaniya ciddi məhdudiyyətlərə məruz qalırdı. Məsələn, Bitaniyaya balıq ovuna məhdudiyyətlər qoyulub. Avropa İttifaqının üzvü olduğu müddətdə onun kvotası 7-8 dəfə azaldı. İndi isə Britaniya Avropa İttifaqından azad olur və necə deyərlər kiçik balığını özü tutub yeyəcək. Böyük balıq kimi.
Bəs baş verənlərə bizim münasibətimiz necədir? Əslində, nə Avropa İtiifaqı, nə Britaniya bizim strateji müttəfiqimizdir. Əksinə, onlardan da çoxlu haqsızlıqlar görmüşük. İndiki halda isə bir maraqlı tərəf kimi yəqin mən bu mənzərəni ləzzətlə şərh etməliydim. Onun parçalanıb dağılması bizə təsəlli verməliydi. Deməliydim ki, ay əccccəb oldu! Amma bir halda ki, ənənəvi olaraq separatizmin əleyhinəyik, onda mən şəxsən Britaniyanın bu addımını da səhv sayıram. Yenə də deyirəm Avropa İttifaqını da, Britaniyanı da söymək üçün kifayət qədər səbəblərimiz var. Yumardım gözümü, açardım ağzımı ki, sənə yaxşı oldu, bəs bizə ağıl öyrədirdiniz, yaşamaq dərsi verirdiniz, insan haqlarından mühazirələr oxuyurdunuz, bizi küncə qoyurdunuz…
Deyərdim ki, həmişə qaralamısınız bizi, mötəbər tədbirlər ərəfəsində, Azərğaycanı gözdən salmağa hesablanan bəyanatlar vermisiniz, ümumiyyətlə, daxili işlərimizə qarışmısınız! Deyərdim ki, necə olur bu, Dağlıq Qarabağdan danışanda deyirdiniz ki, millətlər öz müqəddəratını özləri müəyyən etməlidir. İndi isə əl-ayağa düşmüsünüz ki ay, Britaniya çıxma! Bilmirdiniz ki, bu gündən sizin üçün də var - deyərdim! Amma demirəm, çünki biz istənilən separatizmin əleyhinəyik. Bir separatizm ardınca başqasını gətirəcək. Şotlandiya və İrladiyanın bəyanatları da göstərir ki, separatizmdən separatizm doğacaq.
Onlar da Britaniyadan ayrılmaq çağırışlarını ortaya qoyurlar. Referendumda Avropa İttifaqından çıxmağın əleyhinə səs verən 48 faiz də elə Şotlandiya və İrlandiyadır. Avropa İttifaqından çıxmaq İngiltərəni parçalanmağa apara bilər.
Cin şüşədən çıxdı. İngilis bayrağı növbəti dəfə onun haqqında deyilənləri təsdiqlədi. Çoxları başayan prosesi təhlükəli sayır. Bəziləri üçün bu özünə qayıdışdır, bəziləri üçün isə sadəcə parçalanma. Bir sözlə Avropa İttifaqı alınmadı.
Bizdən ötrü isə Britaniyanın bu hərəkəti qlobal böhran şəraitində özünü qoruma cəhdi ilə yanaşı, həm də əsl separatizmdir. Çünki Britaniya da başqa Avropa dövlətləri kimi bir dövlətə, vahid valyutaya, sərhədlərin birgə mühafizəsinə razılaşmışdı. Amma sonda separatçılıq yolu tutdu. Ortada nə qaldı? Bir ingilis bayrağı.
Bu bir İlahi ədalətdir. Separatçı qurumları dəstəkləyən dövlətlər üçün. Baş verənlər onlar üçün bir dərs olmalıdır. Bilmirəm bəlkə də çox pafoslu çıxacaq. Amma mənə elə gəlir ki, Avropa İttifaqı da Qarabağdan sındı… /Mir Şahin .anspress/