Hər payız və qış mövsümündə kiçikdən böyüyə hamımız qripə tez-tez yoluxur, soyuqdəymədən əziyyət çəkirik. Çoxumuz da düşünürük ki, dərman içməsək, xəstəlik canımızdan çıxmayacaq. Halbuki immunitet sistemimizi qorusaq və gücləndirsək, heç bir dərmana ehtiyac qalmaz.
İmmunitet sistemi bədənimizi xəstəliklərə qarşı qoruyan, mikrob və xəstəlikləri aşkarlayıb, yox etməyə çalışan sistemdir. Əgər bu sistemi gücləndirməsək, mikroblarla mübarizə apara bilməz və bədən xəstəliklərə daha tez yoluxar. Düzgün qidanı doğru şəkildə və miqdarda istifadə etsək, immunitet sistemimiz də qüvvətli olar. Onu da unutmayaq ki, yanlış qidalanma ilə yanaşı stress də immunitet sistemini zəiflədən əhəmiyyətli faktorlardan biridir.
immunitet sistemini gücləndirməyin 14 yolunu təqdim edirik:
1. Bol su üçün. Gündə ən az 8-10 stəkan su içmək immunitet sistemini xəstəliklərə qarşı qoruyar. İçdiyiniz suyun tərkibinə də baxın. Sterilizə olunmuş su olmalıdır.
2. Sarımsaq və soğan - bu iki möcüzəvi tərəvəz immunitet sistemini gücləndirir. Antibiotik xüsusiyyətinə malikdir. Əlbəttə, yeməklərdə soğan və sarımsaq istifadə edirik. Ancaq salatalara çiy soğan və ya qatığa çiy sarımsaq qatmaq, bu iki tərəvəzdən daha yaxşı faydalanmağımızı təmin edər.
3. Mövsümündə tərəvəz yeyin. Qışın ortasında pomidor, xiyar əvəzinə, məsələn, kök və ya cəfəri yeyin. Vitamin anbarı olan ispanağı bişirmək əvəzinə salatını hazırlaya bilərsiniz. Brokoli və kələmi dəqiqələrlə qaynatmaq əvəzinə yarı çiy saxlasanız, daha sağlam bişirmiş olarsınız.
4. Yarı çiy qaynadılmış tərəvəzlərin üzərinə sarımsaqlı qatıq tökmək yaxşı bir alternativdir. Həm sarımsaq, həm tərəvəz, həm də qatıq yemiş olarsınız.
5. Mövsüm meyvəsi yeyin. Dərmanlarla gəzmək əvəzinə, kivi, naringi, nar, portağal, xurma kimi vitamin C ilə zəngin meyvələr yeyin. Ancaq meyvə yeyərkən diqqət olunmalı məqamlar var: doğradığınız meyvəni saxlamayın, həmin an yeyin. Doğranmış və soyulmuş meyvə qaldıqca vitamin itkisi yaranır. Digər əhəmiyyətli məqamsa meyvənin suyundan çox özünü yeməkdir. Meyvə lifinin insan üçün əhəmiyyətli olduğunu unutmayın.
6. Kefir yeyin. Araşdırmalar göstərir ki, probiotik tərkibli qidalar immunitet sistemi üçün çox faydalıdır. Buna görə də probiotiklə zəngin kefiri gündəlik qidalanmaya daxil etmək xəstəliklərdən qorunmaq üçün çox əhəmiyyətlidir.
7. Qatıq yeyin. Probiotiklə zəngin qidalardan biri də qatıqdır. Gündə 2 kasa qatıq yemək həm immunitetə dəstək olur, həm də uzun müddət tox tutur. Lakin ev qatığı yemək məsləhətdir.
8. Zərdəçal istifadə edin. Son zamanlar üzərində bir çox araşdırma aparılan və sağlamlıq baxımından təsirləri sübut edilən ədviyyatdır. Xüsusilə xərçəngə qarşı qoruyur və xərçəng müalicəsində faydalıdır. İmmunitet sistemini gücləndirmək, xərçəngə tutulmamaq baxımından çox əhəmiyyətlidir. Bişənə yaxın yeməklərinizə 1 çay qaşığı zərdəçal atın.
9. Zəncəfil istifadə edin. Xəstəliklərə qarşı qoruyan ədviyyatlardan biri də zəncəfildir. Toksinlərin xaric edilməsinə köməkçi olur.
10. Omega-3 qəbul edin. Həftədə 2 gün balıq yeyin. Balığın tərkibindəki Omega-3 immunitet sistemini qüvvətləndirən ən əhəmiyyətli yağlardan biridir. Balıq yemədiyiniz zamanlarda da balıq yağı kapsullarından istifadə edin (həkimlə məsləhətləşin).
11. Yumurta yeyin. Yumurta ən keyfiyyətli zülal ehtiva edən qidadır. Zülal qəbulu da immunitet sistemini gücləndirir. Lakin təmiz kənd yumurtası yemək məsləhətdir. Əgər təmiz yumurta tapa bilsəniz, həftədə 3-4 gün yeyin. Xolesterol yüksəkliyi şikayətiniz varsa, həkiminizlə məsləhətləşin.
12. Kinoa istifadə edin. Kinoa vitamin və mineral anbarıdır. Salatlarınıza qatacağınız 1 fincan kinoa immunitetinizi dəstəkləyəcək.
13. Kateşin için. Kateşin yaşıl çayın faktor maddəsidir. Aparılan araşdırmalar sübut edib ki, kurkumin (zərdəçalın faktor maddəsi) və kateşin xərçəng hüceyrələrinin böyüməsinə mane olur. Hər iki qida çox əhəmiyyətlidir. Buna görə də immunitet sistemini dəstəkləmək məqsədilə yaşıl çay içməyə üstünlük verin (tiroid xəstəliyiniz varsa, həkimlə məsləhətləşin).
14. Stressdən uzaq olun./lent.az/