İlin devalvasiya hesabatı
28.12.2015 876 0.0 0

 

Ötməkdə olan 2015-ci il Azərbaycanda Böyük Devalvasiya ili kimi yadda qaldı. 

Məlumata görə, ilin əvvəli ilə müqayisədə iki mərhələdə 99% devalvasiyaya uğramış manat azərbaycanlıları 20 il əvvəlin narahat günlərinə qaytardı. ABŞ dollarının yanvarda 78 qəpiyə bərabər olmuş rəsmi məzənnəsi dekabrda 1,56 qəpiyə çatdı. 

Hər şey ilin əvvəlindən başladı. Ölkədə həm yüksək çinli məmurlar, həm də ekspertlər səviyyəsində manatın devalvasiyasından danışılmağa başlanmışdı. Adətən, hansısa ekspert manatın devalvasiyasının vacibliyindən bəhs edirdi. Daha sonra hansısa yüksək çinli məmur çıxaraq bunu təkzib edir, Azərbaycan manatının çox güclü olduğunu bildirirdi və s. 

Ekspertləri bu cür danışmağa vadar edən Azərbaycan Mərkəzi Bankı strateji valyuta ehtiytlarının azalması idi. Məsələ bunda idi ki, son illərdə ilk dəfə olaraq 2014-cü ilin dekabrında AMB-nin ehtiyatları azalmağa başlamışdı. Bu məsələdə əsas rol Rusiya rublunun ucuzlaşması ilə bağlı idi. Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar nəticəsində 2014-cü ilin sentyabarında 35 rubla satılan dollar dekabrda 60 rubla, 2015-ci ilin yanvarında isə 70 rubla satılmağa başladı. Rublun iki dəfə ucuzlaşması Moskvada və Sankt-Peterburqda ilkin bazarda mənzillərin qiymətin iki dəfə salaraq kvadratmetr üzrə 1000-1500 dollara bərabər etdi. Beləliklə, Moskvada mənzil qiymətləri Bakı qiymətlərinə uyğunlaşdı. 

Dolların Rusiya rublu ilə müqayisədə bahalaşması

Bu, Rusiyada yaşayan, amma Bakıda mənzillərə sahib olan azərbaycanlı sahibkarları kapitalı Moskva və Sankt-Peterburqun əmlak bazarına sərmayə qoymağa sövq etdi. Çünki, həmin şəhərlərdə kirayə qiymətləri Bakıdan təxminən 3 dəfə yüksək idi. Bakıda satılan mənzillərin pulunun kütləvi şəkildə dollara çevrilərək ölkədən çıxarılması manata təzyiqləri artırırdı. Mərkəzi Bank bunun qarşısına almaq üçün bazara daha çox dollar çıxarmağa başladı. Nəticədə AMB-nin strateji valyuta ehtiyatları 2014-cü ilin dekabrında 1,2 milyard dollar və 2015-ci ilin yanvarında orta hesabla hər ay 1,1 milyard dollar azalaraq 12,7 milyard dollara düşdü. Fevralda manata təzyiq daha da artdı və sonradan məlum oldu ki, 28 günlük bu kiçik ayda AMB-nin ehtiyatları 1,7 milyard dollara qədər azalıb və martın əvvəlində AMB-nin ehtiyatları cəmi 11 milyard dollar qalıb. 

AMB-nin strateji valyuta ehtiyatlarının dəyişməsi (milyon dollarla)

Beləliklə, AMB 2015-ci il fevralın 21-də manatın dollar qarşılığında məzənnəsinin ucuzlaşdırılmasına qərar verdi. Martın 20-də rəsmi məzənnəsi 0,78 manata bərabər olan dollar AMB-nin qərarı ilə fevralın 21-dən 1,05 manata satılmağa başladı. Bu, faktiki olaraq 34,5%-lik devalvasiya demək idi. Uyğun olaraq, həmin gün məzənnəsi 0,89 manata bərabər olan avro da kəskin bahalaşaraq 1,19 manata satılmağa başladı. 

Təbii ki, bu bazarlara təsir elədi. İlkin təsir altında dükan və mağazalarda, əmlak bazarında manat ifadəsi ilə qiymətlər qalxdı. Lakin həm inzibati amillər, həm də potensial alıcı kütləsində müşahidə edilən ehtiyat tələbi azaltdı. Əhali vəsaitə qənaət etməyə üstünük verdi. Bu kütləvi istehlak malları bazarında inflyasiyanı cilovlamaqla yanaşı, əmlak bazarında ucuzlaşma ilə nəticələndi. 

Martda müəyyən qədər qalxmış mənzil qiymətləri apreldə manat ifadəsi ilə yenidən ucuzlaşmağa başladı. “MBA Group” konsaltinq şirkətinin hesablamalarına görə, Bakıda aprel ayında mart ayı ilə müqayisədə apreldə daşınmaz əmlak bazarında qiymətlər 3,9% aşağı düşüb: ilkin və təkrar mənzil bazarlarında mənzillərin orta hesabla qiyməti 8,1%, kommersiya obyektlərində 3,6%, kirayələrdə 4,7%, kommersiya obyektlərinin icarəsində isə 4% azalma müşahidə edilib. 

Beləliklə, əmlak bazarının manata təzyiqi ortadan qalxdı. Amma manata təzyiqin yeni problemi ortaya çıxdı. Əhali ehtiyat üçün saxladığı vəsaitləri 2005-ci ildən əvvəldə olduğu kimi yenidən dollara çevirməyə başladı. Bu, uyğun olaraq martda və apreldə AMB-nin strateci ehtiyatlarının azalması ilə nəticələndi. Martda ehtiyatlar 1,5 milyard dollardan, apreldə isə 1,1 milyard dollardan çox azaldı və AMB-nin strateji ehtiyatları mayın əvvəlində 8,3 milyard dollar ətrafında qərarlaşdı. Sonrakı üç ayda hətta qismən artaraq 8,5 milyard dollara qədər çatdı. 

2015-ci ildə Brent neftinin barrelinin ən maksimim qiyməti (dollarla)

 

Düzdür, burada dünya bazarında neft qiymətlərinin yenidən bahalaşmasının da rolu oldu. Əhali manatın məzənnəsini qeyri-təbii şəkildə dünya bazarında neftin qiymətinin dəyişməsi ilə bağlamağa başladı. Məsələn, fevralda barrelinin qiyməti 50 dollardan aşağı düşmüş Brent neftinin qiyməti mayda artıq 70 dollara yaxınlaşırdı. İyunun 5-də Brent neftinin qiyməti il üçün ən yüksək səviyyəyə - barrel üzrə 67,77 dollara qalxdı. Neftin qiyməti avqustda qədər 60 dolların ətrafında dəyişdi. 

Bununla yanaşı, ölkədə həmin aylarda büdcə gəlirlərinin gələcəyinin və əhalinin cari durumunun yaxşılaşması istiqamətində bir sıra addımlar atmağa başladı. Belə addımlardan biri əsası 2012-ci ildən qoyulmuş Trans-Anadolu Təbii Qaz Boru Xətti Layihəsinin (TANAP) gerçəkləşdirilməsi istiqamətində atıldı. Martın 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda TANAP-ın təməlinin qoyulması münasibətilə təntənəli mərasim keçirildi. Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan prezidenti Giorgi Marqvelaşvili mərasimdə iştirak etdilər.

İlkin mərhələsi 2018-ci ildə başa çatacaq kəmərlə 2020-ci ildə nəql olunacaq qazın həcmi 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq. 

 


İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və Giorgi Marqvelaşvili - Qars, 17 mart 2015


Mərasimdə ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstayn, Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şefçoviç iştirak etməklə layihəyə ABŞ və Avropa Birliyinin dəstəyini ifadə etdilər. Beləliklə, Azərbaycan əksər ekspertlər tərəfindən proqnozlaşdırılan ucuz neft dövrü üçün daha sabit olan qaz gəlirləri barədə uzunmüddətli layihəyə başladı. 

Ölkə rəhbərliyi həmçinin əhalinin aztəminatlı hissəsinin sosial vəziyyətini yaxşılaşdırmaq istiqamətində addımlar atılıb. İlk addım kimi qiymətlərin həddindən şişirdilmiş olduğu barədə şikayətlərin çox gəldiyi dərman preparatları bazarından başlanılıb. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr edilən iclasda dərmanların qiymətinin baha olmasına görə irad tutmuşdu. 2015-ci il iyulun 30-dan Azərbaycan Tarif (qiymət) Şurası iclas keçirdi və dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinə başladı. İclasda ilk mərhələdə həyati vacib və daha çox tələbat olan 25 təsiredici maddə üzrə 250-dən çox dərman vasitəsinin qiyməti təsdiq edildi. Əvvəlki qiymətlərə nisbətən qiymətləri tənzimlənmiş dərman vasitələrinin 20 faizinin qiyməti 3 dəfədən, 40 faizdən artıq dərman vasitəsinin qiyməti isə 2 dəfədən çox, ümumilikdə isə qiymətləri tənzimlənmiş dərman vasitələrinin 90 faizinin qiymətləri endi. İlin sonlarına kimi ucuzlaşmanın bütün dərman bazarına şamil edilməsi qərara alındı. 

Lakin ölkənin iqtisadi və sosial həyatındakı bu sabitlik uzun çəkmədi. Avqust ayından başlayaraq dünya bazarında neft ucuzlaşmağa başladı və sentyabrın sonlarına yaxın 40 dollara yaxınlaşdı. Bu, neft qiymətlərinin qalxacağına Azərbaycanda olan inamı yox etdi. Nəticədə, əhali və iş adamları yenidən manatı dollara çevirməyə başladı. Avqustda AMB-nin strateji ehtiyatları 1,2 milyard dollar azalaraq sentyabrın əvvəlinə 7,3 milyard dollara düşdü. 

 

Cahangir Hacıyev - Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri

 

Oktyabrın 17-də prezident İlham Əliyevin əmri ilə işdən azad edilmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifəsini devalvasiya ilə bağlı itirməsi barədə də söz-söhbətlər yayılmağa başladı. Onun qudası, Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri, mart ayında vəzifəsindən istefa vermiş Cahangir Hacıyevlə birlikdə 10 milyarda yaxın manatı dollara çevirərək ölkədən çıxarması barədə söhbətlər yayılmağa başladı. İş adamlarına girov təminatı olmadan milyardlarla manat kredit vermiş bankir dekabrın əvvəlində dələduzluq ittihamı ilə həbs edildi. 2015-ci ilin ortalarında mütəmadi olaraq MTN-ə çağrılan iş adamları sonradan onlara işkəncələr verilməsindən, onlardan külli miqdarda rüşvət tələb edilməsindən şikayət etməyə başladılar. 

Noyabrın 12-də eyni hadisələr fonunda rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov da vəzifəsini itirdi. Nazirin işdən çıxarılması Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bir neçə yüksək vəzifəli məmurunun MTN işi ilə bağlı həbs edilməsindən sonra başladı. Tutulanlar arasında Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynov, Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov, Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin (BƏHM) direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayev, Mühafizə İdarəsinin rəis müavini Vəli Mahmudov, "Aztelekom" İstehsalat Birliyinin baş mühasibi Oqtay Rüstəmov və s. vardı. Rabitə Nazirliyinin yüksək çinli məmurları MTN-in gizli dinləmələrə məsul Monitorinq Mərkəzinin sabiq rəisi general-mayor Teymur Quliyevin həbsindən sonra tutuldular. Onlar iş adamlarını və siyasətçiləri qanundan kənar dinləməkdə günahlandırılırdılar. 

 


Əli Abbasov - keçmiş rabitə və yüksək texnologiyalar naziri 


Buna paralel olaraq dünya bazarında neftin qiyməti ucuzlaşmaqda davam edirdi. Dekabrın əvvəlində Brent neftinin qiyməti 2008-ci ildən bu yana ilk dəfə olaraq 38 dolarlıq baryerdən aşağı düşdü. Neft daha sonra da ucuzlaşmağa başladı və dekabrın 12-də 36,12 dollar/barrel səviyyəsinə endi. Bu vəziyyət OPEK-in hasilatı azaltmaqdan vaz keçməsi və ABŞ-ın xaricə neft ixracına qadağanı götürməsi nəticəsində baş verdi.

2015-ci ildə Brent neftinin barrelinin ən minimum qiyməti (dollarla)

 

 

Bu xəbərlərin fonunda əhali manatı dollara çevirməyi davam etdirdi. Nəticədə, AMB-nin strateji valyuta ehtiyatları getdikcə azaldı və dekabrın əvvəlinə 6,2 milyard dollara düşdü. Rusiyada rublun yenidən ucuzlaşması manata təzyiqləri daha da artırdı və dekabrda Azərbaycanın valyutadəyişmə məntəqələrində yeni dollar ajiotajı başladı. 

Artıq vəziyyyət hər kəsə aydın idi. Buna görə də, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti dekabrın 21-dən üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul etməsi elə də təşviş doğurmadı. Həmin gün ABŞ dollarının məzənnəsi kəskin - 50 qəpik və yaxud 47,63% bahalaşaraq 1,5500 manata qalxdı. Avro isə 0,55 manat yaxud 47,88% bahalaşaraq 1,6850 manat oldu. 

İndi Azərbaycanda hər kəs təkrar devalvasiya gözləyir. Çünki neftin barrelinin 20 dollara qədər ucuzlaşacağı barədə proqnozlar var. Yaranmış durum manata təzyiqin bundan sonra da davam edəcəyini, əhalinin bərayi-ehtiyat hətta aldığı maaşı belə dərhal dollara çevirərək saxlayacağı güman edilir.

Azərbaycanı bu problemdən xilas etməyin bir yolu var - milyardlıq sərmaələri elə də güclü ehtiyacın duyulmadığı körpü-keçid, yol-park layihələrinə yatırıb ölü kapitala çevirməkdənsə, manipulyativ effekt verən və yatırılmış pulları geri qaytaran kənd təsərrüfatı, toxuculuq və yeyinti sənayelərinə yönəltmək daha məsləhət olardı. Bu, həm yüz minlərlə iş yeri açmaqla yanaşı, idxalı əvəz edən məhsul istehsalına da təkan verərdi. Nəticədə, manata təzyiqlər azalardı və Azərbaycan xalqı devalvasiya təşvişi içində vurnuxmazdı. Vəssalam… /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar