İlham Zəkiyev: Gözüm işığı görmür, amma... (FOTO)
27.07.2015 557 0.0 0

"Mənim gözlərim işığı görmür, lakin qəlbim qələbə sevincini hiss edir." Bu sözləri kəşfiyyatçı əsgər, iradə gücü ilə bir çoxlarına nümunə olan paralimpiyaçı çempion, Birinci Avropa Oyunlarının qalibi İlham Zəkiyev yaralanaraq gözünün nurunu itirdiyi Füzuli rayonunda ictimaiyyət nümayəndləri ilə görüşünündə deyib.

Məlumata görə, Horadiz şəhərində Füzuli Dövlət Dram Teatrında paralimpiyaçı çempion İlham Zəkiyevlə keçirilən görüşdə rayon İcra Hakimiyyətinin rəhbərləri, Qarabağ müharibəsi əlilləri, veteranları, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 


İlham Zəkiyev sakinlərlə


Rayon sakinləri yaralanaraq gözünün nurunu vətən yolunda itirən çempionu əsl qəhrəman kimi qarşılayıblar.

Füzili rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev respublikamızda idmana, idmançılara göstərilən diqqət və qayğıdan danışıb. Bildirilib ki, Birinci Avropa Oyunlarının başa çatmasından bir ay keçsədə bütün dünya, Avropa, o cümlədən, cəbhə bölgəsində yaşayan füzulililər oyunların hələ də təsirindədirlər.

 


İlham Zəkiyev Füzulidə 


Onun sözlərinə görə, 18 yaşında hərbi xidmətə yollanan və kəşfiyyatçı kimi qulluq edən İlham Zəkiyev Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanıb və görmə qabiliyyətini itirib. Ancaq o, qələbə əzmini, həyatsevərliyini və iradəsinin gücünü qoruyub saxlayıb. İki dəfə paralimpiya çempionu, 2 dəfə Dünya, Beş dəfə Avropa çempionu olub. Ən nəhayət Azərbaycanda keçirilən Birinci Avropa Oyunlarında 26 iyun Silahlı Qüvvələr Günündə bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanmışdır. Prezident cənab İlham Əliyevin dediyi kimi İlham Zəkiyev doğrudanda cəsarət və ləyaqət simvoludur. Füzulililərdə İlham Zəkiyevi sevir, onunla qürur duyurlar.

Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə İlham Zəkiyev Füzulinin fəxri sakini elan olunub.

 

İlham Zəkiyev (solda), Alı Alıyev (ortada), Abdulla Qurbani (sağda)


Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini, polkovnik Abdulla Qurbani çıxış edərək, İlham Zəkiyevin həyat yolu barədə məlumat verib.

İlham Zəkiyev ona göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib. O, 16 il sonra yaralanaraq gözünün nurunu itirdiyi Füzuli rayonunda olmasından, ona rayonun fəxri vətəndaşı adının veriməsindən təsirləndiyini, qürurlandığını söyləyib. “Mənim gözlərim işığı görmür, lakin qəlbim qələbə sevincini hiss edir. İnanıram ki, yaxın günlərdə biz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında işğal altında olan torpaqlarımızı düşməndən azad edəcəyik, bayrağımızı Şuşada, Ağdamda Füzulidə dalğalandırıcağıq.”


Qarabağ müharibəsi veteranı, “Azərbaycan bayrağı” ordenli Sevindik İsmayılov keçmiş döyüşçülərini bu gündə döyüşə hazır olduğunu, Ali Baş Komandanın əmrini gözlədiklərini bildirib.

Görüşü yekununda bildirilib ki, belə tədbirlər gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyyə olunmasına, ordu-xalq birliyinin formalaşmasına təsir edən vacib amillərdəndir.

Xatırladaq ki, bu il iyulun 23-də ilk Avropa Oyunlarının qəhraman qalibi, paralimiyaçı İlham Zəkiyev Birinci Qarabağ müharibəsində döyüşdüyü Murovdağa gedib. 

 


İlham Zəkiyevin Horadiz görüşündən


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar